“Əsas məqsədimiz idmanın inkişafına təkan verməkdir”

“Əsas məqsədimiz idmanın inkişafına təkan verməkdir”

Ölkəmizdə uşaq, yeniyetmə və gənclərin idmana kütləvi surətdə cəlb edilməsi üçün dövlətimiz tərəfindən geniş imkanlar yaradılıb. Müasir tələblərə cavab verən idman məktəbləri, klublar ölkəmizin gənc nəslinin istifadəsinə verilib. Müsahibimiz belə məktəblərdən biri olan "Təhsil” Respublika İdman Mərkəzinin Uşaq-Gənclər Futbol Məktəbinin (UGFM) direktoru Fərid Heydərlidir.

- Sizin rəhbərlik etdiyiniz məktəb respublikamızda idmanın inkişafı istiqamətində lazımi şəkildə fəaliyyət göstərir. Yeniyetmələrinizin çıxışları da qənaətbəxşdir. Önən ili uğurla başa vurmusunuz. Bəs bu ilin arxada qalan dövründə hansı nəticələriniz olub?
- Məktəbimiz əvvəllər "Təhsil” RİM-in Bakı filialı kimi fəaliyyət göstərirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan müddəaların həyata keçirilməsi məqsədi ilə bu məktəb hazırda "Təhsil” RİM-in Uşaq - Gənclər Futbol Məktəbi adlanır. Burada futbol, atletika , akrobatika, və otüstü hokkey bölmələri var. Hazırda bu bölmələrdə 1562 nəfər idmanla məşğul olur. Onlardan 164-ü qızlardır. Futbol bölmələrində 30, atletikada 69, akrobatika bölməsində isə 65 qız idmanın idmanın sirlərinə yiyələnir. İdmançılarımız 2012-2013-cü təhsil illərində bir sıra yarışlarda iştirak edərək yüksək nəticələr əldə ediblər. Bu ili yanvar - may aylarında keçirilən futbol üzrə respublika çempionatı qızlardan ibarət U-15 komandamız üçün uğurlu olub. Belə ki, qızlarımız turnirin qalibi adını qazanıblar. Yeri gəlmişkən deyim ki, komandamız hazırda çempionatın final mərhələsinə vəsiqə qazanıb. İnanıram ki, qızlarımız çempionluğu bu il də əldən verməyəcəklər. Noyabr - aprel aylarında Bakı şəhər klub birinciliyndə (yüksək liqa) U-17 komandamız birinci yerə layiq görülüb. Adil Babayevin xatirəsinə həsr olunmuş turnirdə çıxış edən 1998-ci il təvəllüdlü yetirmələrimiz ikinci olublar. "Təhsil” RİM-in respublika birinciliyində futbolçularımız beşinci yerə çıxıblar. 28 May - Respublika Gününə həsr olunmuş yarışda isə ikinci pillədə qərarlaşmışıq.

- Bəs gimnastlarınız barədə nə deyərdiniz?
- Məktəbimizdə gimnastikanın da inkişafına xüsusi diqqət verilir. Bu bölmədə xeyli uşaq gimnastikanın sirlərinə yiyələnir. Onlardan 65-i qızlardır. Yeniyetmələrimizdən İbrahim Rəcəbli (1994) Azərbaycan birinciliyinin qalibidir. Həmin turnirdə Emilya Nəzərli (2000) Zəminə Həsənova (1997), Ayşə Məmmədova (2002) da fəxri kürsünün I pilləsində yer alıblar. Üç gimnastımız isə Azərbaycan birinciliyinin bürünc mükafatını qazanıb. Gimnastika bölməsində məşğul olanların əldə etdikləri nəticələr ürəkaçandır. Mən atletika bölməsində məşğul olanların nəticələrindən də danışmaq istərdim. Yetirmələrimiz Bakı kubokunda 800 m, 1500 m məsafələrə qaçış və nüvəitələmə yarışlarında 5 qızıl medal əldə ediblər. Həmin yarışda idmançılarımız üçtəkanla tullanma və nüvəitələmə turnirlərində iki gümüş, iki bürünc medala sahib çıxıblar. Atletika üzrə keçirilən Azərbaycan birinciliyində (1997-98-ci illər təvəllüdlülər) 400 m, 800 m məsafələrə qaçışda yetirməmiz Zaur Əliyev bütün rəqiblərini qabaqlayıb. Turnirdə digər növlərdə 2 gümüş, 2 bürünc medal qazanmışıq. 1993-94-cü illər təvəllüdlülərin Azərbycan birinciliyində 5 qızıl, 2 gümüş və 2 bürünc medal bizim məktəbin payına düşüb. 1995-96-cı illər təvəllüdlülərin ölkə birinciliyində 4 idmançımız fəxri kürsünün birinci pilləsində yer alıb. Qapalı zalda keçirilən Azərbaycan birinciliyində iki idmançımız nüvəitələmə yarışında ən yüksək nəticə göstərib. Yetirmələrimiz Azərbaycan çempionatında da uğurla yarışıblar. Belə ki, idmançımız Tofiq Məmmədov və Lalə Ələsgərova nüvəitələmə yarışlarında qızıl medala sahib çıxıblar. Çempionatda müxtəlif məsafələr üzrə qaçışda 3 gümüş və 3 bürünc medal əldə etmişik.



- Buyaxınlarda "Şokki-mokki” şokolad yağları ilə birlikdə mini futbol turnirin təşkil etmisiniz ...
- 28 May-Respublika Gününə həsr olunmuş bu turnirdə 2001-2002-ci illər təvəllüdlülərdən ibarət 14 komanda mübarizə apardı. Hesab edirəm ki, belə yarışların tez-tez keçirilməsi ölkəmizdə uşaq futbolunun inkişafına öz töhfəsini verir. Bu turinir "Şokki-mokki” şokolad yağları ilə birgə təşkil etmişdik. Nəzərdə tutmuşuq ki, respublikamızın müxtəlif bölgələrində, o cümlədən Gürcüstanda yarışlar keçirək. Əsas məqsədimiz idmanın inkişafına təkan vermək, uşaqların idmana daha çox cəlb etməkdir. Bunun üçün respublikamızda hər cür şərait var. Paytaxtımızda və bölgələrdə inşa olunan idman qurğuları gənclərimizin sağlamlığını təmin edir. Bu gün Azərbaycan dünyanın aparıcı idman ölkələrindən biridir. Ölkəmizə göstərilən etimadın nəticəsidir ki, birinci Avropa Oyunlarına 2015-ci ildə Bakı ev sahibliyi edəcək. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan ən mötəbər tədbirləri yüksək səviyyədə keçirməyə qadir olan bir ölkədir.