“Çempion olmaq şərəfli və sevindiricidir”

“Çempion olmaq şərəfli və sevindiricidir”

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının çempionu Vüqar Talıbov möhtəşəm qələbəsindən dərhal sonra "Olimpiya dünyası” qəzetinə və "olimpnews.az" saytına eksklüziv müsahibə verib:
"Bu cür mötəbər yarışda qızıl medal qazanmaq böyük uğurdur. Buenos-Ayresdən əvvəl Çində keçirilən Asiya kubokunda lisenziya əldə etmişdim. Bununla da özümə inamım xeyli artmışdı. Çalışırdım ki, mənə göstərilən etimadı doğruldum. Yarışlar çox gərgin keçdi.
İlk rəqibim Yəmən idmançısı Al-Saqir Ahad oldu. Ona iki "vazari” xalı ilə qalib gəldim. Növbəti mərhələdə də rəqibim tacikistanlı Camşed Sulaymonini məğlub etdim. Dominikanlı Antonio Tornalla yarımfinal görüşü çox çətin oldu. Buna baxmayaraq, yenə də qələbə qazanmağı bacardım. Finalda çox təcrübəli rusiyalı cüdoçu ilə qarşılaşdım. Abrek Naquçevlə görüşün asan olmayacağını bilirdim. Ona görə var qüvvəmi topladım. Diqqətlə güləşməyə başladım. Nəticədə təmiz qələbə ilə tatamidən qalib ayrıldım. Çox sevincliyəm. Çempion olmaq şərəfli və sevindiricidir”.