Argentinanın Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir.
"Olimpnews.az” Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, olimpiadada Azərbaycanı təmsil edən idman gimnastı Səməd Məmmədli və bədii gimnastımız Yelizaveta Luzan öz çıxışlarını yekunlaşdırıblar.
Gənc gimnastımız Luzan komanda hesabında qızıl medal qazanıb. Qeyd edək ki, Olimpiya Oyunlarının yeni formatına əsasən gimnastika növləri üzrə təmsilçilər yalnız fərdi hesabda mübarizə aparmırdılar. Bu dəfə onlar ulduz gimnastların adlarını daşıyan 12 komandaya bölünmüşdülər.
Məhz elə birinciliyi əldə edən 4 qat Olimpiya çempionu Simona Baylzın komandasında bizim gimnastla bərabər idman gimnastikası, bədii gimnastika, batut və akrobatika növləri üzrə Bolqarıstan, Avstraliya, Çin, Sinqapur, Vyetnam, İspaniya, İtaliya, Rusiya, Ukrayna, Cənubi Afrika və Macarıstandan olan gimnastlar yer alıb. Onlar fərdi çıxışlarına görə əldə etdikləri xal hesabı ilə komandalarına qızıl medal qazandırıblar.
Qeyd edək ki, gimnastika idman növü ilk dəfədir ki, Yeniyetmələrin Olimpiya Oyunlarının proqramında nümayiş etdirilir.