Mayın 31-dən iyunun 2-dək Avstriyanın paytaxtı Vyanada bədii gimnastika üzrə 29-cu Avropa çempionatı keçirilib. Beş halqa ilə çıxış edən yeniyetmələrdən ibarət Azərbaycan komandası (Gülsüm Şəfizadə, Nilufər Niftəliyeva, Səbinə Hümmətova, Aleksandra Platonova və Emiliya Baqiyeva) iyunun 2-də final mərhələsində öz kompozisiyasını təqdim edib. Yüksək peşəkarlıq və texniki hazırlıq nümayiş etdirən qızlarımız finala çıxaraq 8 komanda arasında ən yaddaqalan tapşırığı yerinə yetirib.
Azərbaycanlı qızlar Ukrayna, Belarus və Bolqarıstan gimnastları kimi ciddi rəqiblərini qabaqlayaraq, Avropa çempionatının gümüş medalını qazanıblar. Birinci yeri Rusiya, üçüncü yeri isə Belarus idmançıları tutublar.
İyunun 2-də Vyanada bədii gimnastika üzrə XXIX Avropa çempionatının final çıxışları olub.
Böyüklər arasında final mərhələsində Azərbaycan gimnastı Marina Durunda halqa, top və lentlə, Lalə Yusifova isə gürzlə tapşırıqları yerinə yetiriblər.
Marina Durunda halqa, top və lentlə çıxışı zamanı bu növlərin hər birində müvafiq olaraq 5-ci, Lalə Yusifova gürzlə hərəkətlərdə 7-ci yeri tutub. Ümumilikdə Avropa çempionatı Azərbaycan gimnastları üçün uğurlu olub. Çempionatın bağlanış hissəsində isə qala konserti olub. Qala konsertində çempionatda iştirak edən ölkələrin idmançıları bədii gimnastika və balet komponentlərini özündə ehtiva edən musiqi kompozisiyaları ilə çıxış ediblər. Yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının üzvləri isə səhnəyə milli geyimdə çıxaraq, müxtəlif Azərbaycan melodiyaları əsasında tərtib olunan "Sarı gəlin” kompozisiyasının sədaları altında rəqs ediblər.
Mərasim Avropa Gimnastika İttifaqı bayrağının gələn il XXX Avropa çempionatına ev sahibliyi edəcək Azərbaycan nümayəndə heyətinə ötürülməsi ilə başa çatıb.