“Qələbə yolları ilə” beynəlxalq avtoyürüşünə start verilib

“Qələbə yolları ilə” beynəlxalq avtoyürüşünə start verilib

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən olimpnews.az saytına daxil olan məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Gənclərlə işi üzrə Federal Agentliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə mayın 6-dan başlayaraq "Bizim ümumi qələbəmiz” adlı layihə çərçivəsində Sankt-Peterburq-Bakı-Moskva marşrutu üzrə "Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşə start verilib.
"Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşün keçirilməsində məqsəd gənc nəslin vətənpərvərlik tərbiyəsi, MDB dövlətlərinin vətənpərvərlik cəmiyyətləri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, II Dünya Müharibəsi və vətənimizin tarixinə marağın artırılmasından ibarətdir.
Məlumat üçün bildirək ki, marşruta əsasən "Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüş iştirakçıları iyunun 6-7-də Quba rayonuna, iyunun 7-9-da Qəbələ rayonuna və iyunun 9-11-də isə Bakı şəhərinə səfər edəcəklər. İyunun 10-da saat 11.00-da "Hilton Baku” mehmanxanasının "Sevda” zalında avtoyürüş iştirakçılarının iştirakı ilə görüş keçiriləcək.