“Neftçi”nin yaşayan əfsanəsi -Kazbek Tuayev

“Neftçi”nin yaşayan əfsanəsi -Kazbek Tuayev




Deyirlər, alim olmaq asandır, insan olmaq çətin. Çətini isə hər kəs bacarmır, çünki buna gücü və ürəyi yoxdur. Azərbaycan futbolunun görkəmli simalarından biri, sözün əsil mənasında, gözəl insan Kazbek Tuayev çətini bacaran insanlardandır. O, öz nəcibliyi, alicənablığı və təvazökarlığı ilə hər kəsin ürəyində yuva qurmağı bacarıb. "Neftçi”nin yaşayan əfsanəsi, sürəti və manevr bacarığı, gözəl driblinqləri ilə azarkeşlərin sevimlisidir Kazbek Tuayev.

Noyabrın 13-də veteran futbolçumuz Kazbek Tuayevin 78 yaşı tamam oldu. 1940-cı ildə Ələt qəsəbəsində anadan olan Tuayev Kazbek Əlirza oğlu Azərbaycan Respublikasının əməkdar məşqçisi, SSRİ-nin idman ustası, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futbol Məşqçiləri İttifaqının sədri, İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbinin direktorudur. 2000-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət” ordeninə layiq görülən Kazbek Tuayev futbolun inkişafında böyük işlər görmüş insanlardan biridir.

Kazbek müəllim futbol oynamağa Bakı "Lokomotiv”inin yeniyetmələr komandasında başlayıb. Böyük futbolda ilk komandası isə Nalçik "Spartak”ı olub. 1961-ci ildə "Neftçi”yə " (1961-1973-cü illər) keçən Kazbek Tuayev sağ cinah hücumçusu mövqeyində çıxış edib. O, 1966-cı ildə "Neftçi”nin SSRİ çempionatında bürünc medal qazanmasında, eləcə də, 1964-cü ildə İspaniyada keçirilən Avropa çempionatında SSRİ yığmasının finala vəsiqə əldə etməsində xüsusi rol oynayıb.
Veteran futbolçumuz 1966-cı ildə 14 qolla "Neftçi”nin bombardiri kimi də tarixə düşüb. Kazbek Tuayev 1970-ci ildə bir neçə ay Vladiqafqaz "Spartak”ında oynadıqdan sonra 1972-ci ilə kimi "Neftçi”nin formasını geyinib. O, ümumilikdə, Bakı komandasının heyətində SSRİ-nin yüksək liqasında 58 qol vurub. 1963, 1966 və 1967-ci illərdə ölkənin 33 ən yaxşı futbolçusu siyahısında yer alıb. Müxtəlif illərdə SSRİ yığmasına cəlb olunan Kazbek Tuayevin ölkənin əsas komandasında 1967-ci ildə 3 oyun keçirdiyini də qeyd etməliyik. Kazbek Tuayevin adı 1998-ci ildə Moskvada nəşr olunmuş "Sovet futbolu 100 ildə” ensiklopediyasında da yer alıb. O, ictimaiyyət arasında aparılan sorğuya əsasən, Azərbaycanın XX əsrdə ən yaxşı futbolçularından biri seçilib.

Kazbek Tuayev, həm də yüksək nailiyyətlər qazanmış məşqçi kimi tanınıb. Təcrübıli mütəxəssis müxtəlif vaxtlarda Vladiqafqazın "Spartak”, Lənkəranın "Xəzər”, Bakının "Neftçi”, "Tərəqqi” və "Azneftyağ”, Tunisin "Klub Afrikan”, Tovuzun "Turan” klublarını, həmçinin Azərbaycan millisini çalışdırıb. Onun rəhbərliyi altında 1994-cü ildə "Turan” (Tovuz), 1996 və 2004-cü illərdə isə "Neftçi” komandaları ölkə çempionluğunu qazanıblar. 1995-ci ildə Polşa ilə qolsuz heç-heçə edən, 1996-cı ildəsə İsveçrəyə 1:0 hesabıyla qalib gələn Azərbaycan millisi də rəsmi oyunlarda ilk xalını və ilk qələbəsini məhz Kazbek Tuayevin dövründə qazanıb. Tanınmış mütəxəssis 3 ilə yaxın Tunisdə məşqçilik edib. Məhz onun təşəbbüsü və fəal iştirakı nəticəsində 1984-cü ildə Azərbaycanda İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatı Məktəbi yaradılıb. Yarandığı gündən Kazbek Tuayevin rəhbərliyi altında fəaliyyət göstərən bu məktəb uşaq və yeniyetmə futbolunun inkişafı və kütləviliyi istiqamətində səmərəli fəaliyyət göstərir.
Kazbek Tuayevi təbrik edir, ona uzun ömür, həmişə belə cavan, gümrah qalmağı arzu edirik!.



Səadət Zifiqızı