Azərbaycanlı idmançı dünya rekordunu təzələyib

Azərbaycanlı idmançı dünya rekordunu təzələyib


Mayın 29-dan iyunun 2-dək Rusiyanın Soçi şəhərində pouerliftinq üzrə Dünya kuboku keçirilib. Yarışda ölkəmizin idman şərəfini «DİN»İdman Cəmiyyətinin üzvü Kamil Qafarov təmsil edib. Yarışda 14 ölkədən 400 idmançı qüvvəsini sınayıb. İdmançımız uğurla çıxış edərək 3 qızıl, 1 gümüş medal qazanıb. Kamil benç-press yarışında 2 qızıl, mütləq çəki üzrə keçirilən yarışda isə 1 qızıl, 1 gümüş medal əldə edib. İdmançımız benç-press üzrə yarışlarda 195 kq ağırlığın öhdəsindən gələrək yeni dünya rekordunu müəyyənləşdirib. Bununla idmançımız həm də Rusiyanın idman ustası adına layiq görülüb. Xatırladaq ki, Kamil Qafarov mart ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Avropa çempionatında 3 qızıl medal qazanmışdı. Bundan əvvəl isə pouerliftinqçimiz 2005-ci ildə keçirilən dünya kubokunda gümüş medal qazanıb. Hazırda Kamil Qafarov oktyabrın 4-6-da Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək dünya çempionatına hazırlaşır. Təmsilçimiz «Qızıl pələng-VII» adlı yarışda qızıl medal qazanmaq niyyətindədir.