Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və 5-ci bölgələrarası kubok yarışları keçirilir.
"Olimpnews.az” xəbər verir ki, yarışların ilk üç günündə fərdi gimnastlar balacalar, yeniyetmələr, gənclər, qrup hərəkətləri komandaları isə balacalar və yeniyetmələr yaş kateqoriyalarında mübarizə aparırlar. Yarışlarda "Ocaq Sport” İdman Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, "AyUlduz” klubu, "Zirvə” İdman Klubu, "Sərhədçi” İdman Olimpiya Mərkəzi, Bakı Su İdmanı Sarayı, "Zabrat” İdman Klubu təmsilçiləri, eləcə də, Sumqayıt şəhərinin, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri qüvvələrini sınayırlar.
Yarışların ilk günündə balacalar (2008-2010) alətsiz, halqa, iplərdə, yeniyetmələr isə (2006-2007) qrup hərəkətləri üzrə lentlərdə yarışıblar.
Günün sonunda qrup hərəkətləri üzrə yeniyetmə gimnastlar arasında qaliblərin adlarına aydınlıq gəlib. Birinci yerin sahibi adını "Ocaq 2” komandası qazanıb. 2-ci yeri Bakı Gimnastika Məktəbinin təmsilçiləri tutublar. Bürünc mükafatı isə boynundan "Ocaq 1” kollektivi asıb.
Sabah isə gimnastlar gənclər (2003-2005) və yeniyetmələr (2006-2007) yaş kateqoriyasında halqa, top, gürzlər və lentlərdə mübarizə aparacaqlar.