Bakıda motorlu qayıqsürmə üzrə (Formula-2) Qran pri 2013 yarışı keçiriləcək

Bakıda motorlu qayıqsürmə üzrə (Formula-2) Qran pri 2013 yarışı keçiriləcək



İyulun 4-dən 7-dək Bakıda motorlu qayıqsürmə üzrə (Formula-2) Qran pri 2013 yarışları keçiriləcək. Bununla bağlı iyunun 6-da Bakı Biznes Mərkəzində mətbuat konfransı keçirilib. Əvvəlcə Azərbaycanın turizm potensialından bəhs edən videoçarx nümayiş olunub.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışaraq idmançılarımızın qazandıqları nailiyyətləri yüksək qiymətləndirib.
Nazir müavini bildirib ki, yarışın yüksək səviyyədə keçməsi üçün təşkilatı işlər başa çatmaq üzrədir. Bu işlərin həyata keçirilməsinə 350 könüllü cəlb olunub. Formula-2 yarışlarının ölkəmizdə ilk dəfə təşkil olunacağını diqqətə çatdıran İ.İsmayılov turnirdə 13 ölkədən 23 komandanın mübarizə aparacağını bildirib.
İsmayıl İsmayılov qeyd edib ki, komandalar ətraf mühit və turizm nöqteyi-nəzərindən Azərbaycanın inkişaf siyasətində mühüm rol oynayan Xəzər dənizinin sularında bir-biriləri ilə yarışacaqlar. "Bu turnirə təkcə idman yarışı kimi deyil, həm də sürətli kater sənayesinin inkişafına doğru ilk addım kimi yanaşılmalıdır. Bu, ölkəyə turizm axınının çoxalmasında başlıca rol oynaya bilər. Son illər ərzində ölkəmiz, xüsusən də idman sahəsində beynəlxalq liderə çevrilib. 2016-cı ildə Azərbaycan şahmat olimpiadasına da ev sahibliyi edəcək. Bu da təsadüfi deyil, çünki ölkəmiz şahmatda qədim ənənəyə malikdir. Gələn il Bakıda Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının konqresi keçiriləcək. Həmçinin 2015-ci ildə paytaxtda Birinci Avropa Oyunları təşkil olunacaq”, - deyə nazir müavini əlavə edib.
Beynəlxalq Motorlu Qayıq İttifaqının baş katibi Andrea Dini Azərbaycanda yaradılmış idman infrastrukturunu yüksək qiymətləndirib: "Su üzərində od” devizi altında keçiriləcək turnir Azərbaycan idmansevərləri üçün xoş bir hədiyyə olacaq. Çünki bu unikal idman növlərindəndir ki, burada sürət, həyəcan və adrenalin vəhdət təşkil edir”.
A.Dini təmsil etdiyi qurumun tarixi barədə məlumat verərək Azərbaycanın mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək təcrübəsinin olduğunu da vurğulayıb. O, Təşkilat Komitəsinin üzvlərinin bir neçə dəfə Bakıya səfər etdiyini və burada aparılan hazırlıq işlərinin yüksək qiymətləndirildiyini bildirib. Natiq Azərbaycanda bu idman növü üzrə gənc idmançıların yetişdirilməsi üçün lazımi şəraitin olduğunu da diqqətə çatdırıb.
İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mario Corco Stefano Baldi iki ölkə arasındakı əməkdaşlığın əhəmiyyətindən danışıb və yarışın Bakıda keçirilməsini yüksək qiymətləndirib. Bakı və Neapolun oxşar cəhətlərinə toxunan səfir bu yarışın Xəzər dənizində təşkil olunmasını ölkənin turizm potensialının inkişafına öz müsbət təsirini göstərəcəyini deyib.
Sonra Azərbaycan Motorlu Qayıq Federasiyasının prezidenti İbrahim Nehrəmli rəhbərlik etdiyi qurumun tarixi və fəaliyyəti barədə məlumat verib. "İdmançılarımız bir çox yarışlarda ölkəmizi layiqincə təmsil edir və üçrəngli bayrağımızı dalğalandırırlar. İdmana dövlət qayğısının artması gənc nəslin sağlam ruhda tərbiyəsində, respublikamızda idmanın kütləviləşməsində və Olimpiya Hərəkatının genişlənməsində mühüm rol oynayır. Motorlu qayıqlar arasında yarışların keçirilməsi üçün "Khazar İslands”da uzunluğu 5 kilometr, eni isə 400 metr olan xüsusi hovuz inşa olunur. Hovuz gələn il istifadəyə veriləcək və növbəti Formula-2 yarışı bu idman obyektində təşkil olunacaq, - deyə o əlavə edib.