Messi özünə 15 milyonluq “oyuncaq” alıb

Messi özünə 15 milyonluq “oyuncaq” alıb


Dünya futbolunun canlı əfsanəsi Leonel Messi öz təvazökarlığı ilə başqalarından seçilir. Argentinalı ulduz təmtəraqlı və əyləncəli tədbirlərdə demək olar ki, iştirak etmir. Ailəsinə çox bağlı olan Messi axşamlar sevimli itini gəzməyə çıxarır.
Bugünlərdə Argentinanın "Doble Amarilla” nəşrinin yaydığı məlumata görə, "Barselona” klubunun oyunçusu özünə 15 milyon dəyərində şəxsi təyyarə alıb.
Belə görünür ki, dünya şöhrətli futbol ulduzu bundan sonra öz reysinə gecikməyəcək. Çünki ABŞ istehaslı olan "Gulfstream V” markalı qanadlı quş onu istədiyi ünvana vaxtında çatdıracaq. 2004-ci il istehsalı olan təyyarənin uzunluğu 30 metr, kreyser sürəti isə saatda 850 km/saatdır. Laynerin kabinəsindəki 16 oturacaq açılanda 8 yataq taxtına çevrilir. Təyyarənin iki mətbəxi, iki tualeti və 1 hamamı vardır.
Leonel Messi şəxsi oyuncağının dizaynında bəzi dəyişikliklər edib. Belə ki, laynerin quyruğunda Messinin nömrəsi təsvir olunub -10. Bundan başqa, trapın hər pilləkənində onun ailə üzvlərinin - həyat yoldaşı Antonella və övladlarının - Tyaqo, Çiro və Mateonun adları yazılıb.
Argentina mətbuatının yazdığına görə, futbolçu Buenos-Ayresdən 20 km məsafədə yerləşən San-Fernando şəhərində öz təyyarəsi üçün anqar tikdirir.
Yeri gəlmişkən, digər futbol ulduzlarının bir çoxunun da şəxsi təyyarələri vardır. Heç kimə sir deyildir ki, bu cür rahatlığı özünə yalnız yüksək imkanlı futbolçular görə bilər.
Böyük Britaniyanın "The Sun” nəşri şəxsi təyyarəsi olan futbolçuların adlarını açıqlayıb:
1. Kriştianu Ronaldo ("Yuventus”), Gulfstream G 650 - 31,7 milyon avro.
2. Zlatan İbrahimoviç ("Los-Anceles Qalaksi”), Cessna Citation Longitude- 23,8 milyon avro.
3. Devid Bekhem ("Mançester Yunayted” və "Real”ın keçmiş oyunçusu), Bombardier Challenger- 21,5 milyon avro.
4. Pol Poqba ("Mançester Yunayted”), Gulfstream G280- 20,4 milyon avro.
5. Ueyn Runi ("Di Si Yunayted”), Dassault Falcon 900LX - 15,8 milyon avro.