DGK İSM “Gömrükçü”İK-nın ötənilki fəaliyyəti yüksək qiymətləndirilib

DGK İSM “Gömrükçü”İK-nın ötənilki fəaliyyəti yüksək qiymətləndirilib



Dövlət Gömrük Komitəsinin (DGK) İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü” idman klubunda 2018-ci ilin yekunları ilə bağlı tədbir keçirilib.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru, gömrük xidməti polkovniki Xəzər İsayev, DGK-nın Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Vüqar Əliyev iştirak ediblər.
Diqqətə çatdırılıb ki, İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırıb. Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini deyən çıxışçılar qeyd ediblər ki, dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları ölkəmizdə idmanın kütləviləşməsinə əlverişli şərait yaradıb.

Qeyd olunub ki, DGK İSM-in nəzdində fəaliyyət göstərən "Gömrükçü” İdman Klubunda 23 idman növü üzrə 540 idmançı 22 məşqçi-müəllimin rəhbərliyi altında idmanın sirlərinə yiyələnir. İdman növlərindən 11-i Olimpiya, 12-si qeyri-Olimpiya idman növüdür. Hazırda klubda Olimpiya idman növlərindən boks, sərbəst güləş, yunan-Roma güləşi, taekvondo, cüdo, üzgüçülük, stend atıcılığı, idman dırmanması, karatenin WKF növü, futbol, qeyri-Olimpiya idman növlərindən isə kikboksinq, çerlidinq, kempo-karate və kobudo, kik-cutsi, uşu-sanda, muay-tay, pauerliftinq, kontakt-karate, budo, şaolin döyüş sənəti və şahmat üzrə idmançılar yetişdirilir. Klubda 9 Əməkdar Məşqçi, 4 Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi çalışır.
Tədbirdə çıxış edənlər ötən ilin Azərbaycan idmanı üçün əlamətdar olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, bu il Azərbaycan idmançıları dünya və Avropa çempionatlarında, eləcə də, beynəlxalq səviyyəli yarışlarda ümumilikdə 753 medal qazanıblar. Bildirilib ki, qazanılan medallarda "Gömrükçü” idman klubunun təmsilçilərinin də böyük payı var. Belə ki, klubun təmsilçiləri 2018-ci ildə Avropa və dünya çempionatlarında, beynəlxalq və yerli yarışlarda 209 medal qazanıblar.

Sonra klubun 2018-ci il üçün hesabatı dinlənilib.
Diqqətə çatdırılıb ki, ötən il şaolin, güləş, boks, karate, futbol, futzal, cüdo, idman dırmanması, taekvondo, sambo idman növləri üzrə müxtəlif yaş qruplarında 18 açıq çempionat və birincilik keçirilib. Bu turnirlər arasında ilk dəfə təşkil edilən idman dırmanması üzrə beş ölkənin - Azərbaycan ilə yanaşı, İran, Rusiya, Türkiyə və Gürcüstan təmsilçilərinin iştirakı ilə keçirilən beynəlxalq açıq birincilik xüsusi qeyd olunub.
Tədbirin sonunda il ərzində fərqlənmiş idmançılar və onların məşqçiləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.