Güləş Federasiyası ili uğurla yola salıb

Güləş Federasiyası ili uğurla yola salıb

Azərbaycan Güləş Federasiyası (AGF) 2018-ci ilə uğurla yekun vurub. Federasiya ilin əvvəlində müəyyən çətinliklərlə üzləşsə də, bu vəziyyətdən üzüağ, alnıaçıq çıxmağı bacarıb.
Kadr islahatları nəticəsində 2018-in əvvəlində baş katib vəzifəsinə Orxan Məmmədov təyin olundu. Eyni zamanda AGF-nin 1-ci vitse-prezident postuna Firdovsi Umudov gətirildi. May ayından etibarən isə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev yenidən AGF-yə qayıtdı. Hazırda Namiq müəllim federasiyada prezidentin səlahiyyətlərini icra edir. Məhz onun AGF-yə qayıdışından sonra dövlətin də ciddi dəstəyi ilə maliyyə və digər problemlər aradan qaldırıldı. Yığmalarda da məşqçi dəyişiklikləri həyata keçirildi. Yayda yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət millidə Taleh İsrafilov böyük məşqçi, Nazim Əhmədovla Rasim Ağayev isə məşqçi kimi fəaliyyət göstərməyə başladısa, azyaşlı yeniyetmələrlə iş Əbülfət Məmmədov və İlham Vəzirova tapşırıldı. İlin sonunda isə sərbəst güləş üzrə böyüklərdən ibarət yığmanın baş məşqçisi vəzifəsinə Saypulla Absaidov gətirildi. Firdovsi Umudov isə AGF-nin sərbəst güləş üzrə vitse-prezidenti kimi fəaliyyətini davam etdirir.
Geridə qoyduğumuz il ədalət təmsilçilərimiz üçün də uğurlu keçdi. Asif Şirəliyev və Sədi Quliyev I-S kateqoriyasına sahib oldular.

Bu isə o deməkdir ki, hər iki hakimimiz həmin kateqoriyada Hicran Şərifov və İntiqam Alıyevlə birgə Tokio-2020 Olimpiadasında referi kimi ölkəmizi təmsil edə bilər. Xatırladaq ki, indiyə qədər güləş tarixində eyni vaxtda 4 Olimpiya kateqoriyalı hakimimiz olmamışdı. Abdul Nuriyevlə Elman İsmayılov da ötən il I dərəcəyə sahib çıxıb. Onlarla yanaşı, daha öncədən bu kateqoriyada olan Natiq Hacıyev gələcəkdə imtahanlardan uğurla keçsə, I-S dərəcəli hakimlərin sayı artacaq.

Medalların izi ilə
Əsas maraq doğuran isə il ərzində əldə olunan nəticə, yarışlarda qazanılan medallardır. 2018-ci ildə güləşçilərimiz ümumilikdə, beynəlxalq turnirlərdə 285 (72 qızıl, 84 gümüş, 129 bürünc) medal qazanıb. Düzdür, 2017-ci illə müqayisədə 9 medal az əldə olunub. Ancaq unutmayaq ki, həmin il 23 medal Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında əldə edilib. Ötən il Avropa və dünya çempionatları, eləcə də, Yeniyetmələrin III Olimpiya Oyunlarında ümumilikdə, 89 medal qazanılıb. İlboyu sərbəst güləşçilər 157, yunan-Roma güləşçiləri 93, qadınlar isə 35 dəfə fəxri kürsüyə qalxıblar. Yaş qrupları üzrə bölsək, böyüklərə 103 (32 qızıl, 29 gümüş, 42 bürünc), gənclərə 55 (11 qızıl, 17 gümüş, 27 bürünc), yeniyetmələrin payına isə 127 (29 qızıl, 38 gümüş, 60 bürünc) medal düşür. Böyüklərin Avropa çempionatında qazanılan 18 medal Azərbaycan güləş tarixində növbəti rekord oldu. Buna qədər ən çox medalı 2011-ci ildə keçirilən anoloji yarışda (14 medal) əldə edilib. Dünya çempionatında qazanılan 5 medal daha çox yunan-Roma güləşçilərini sevindirdi. Çünki komanda hesabında 4-cü yeri tutan "klassiklər” builki Dünya kuboku yarışlarında iştirak hüququ qazandı. Yeri gəlmişkən, ötən il Dünya kubokunda ölkəmizi yalnız sərbəst güləşçilər təmsil etdilər. Komanda Firdovsi Umudovun rəhbərliyi altında ABŞ-dan gümüş medalla döndü. İkinci dəfə keçirilən 23 yaşınadək güləşçilər arasında dünya çempionatında qazanılan 1 qızıl, 4 gümüş, 2 bürünc medal diqqəti çəkdi. Müqayisə üçün 2017-ci ildə ilk dəfə bu yaş qrupu üzrə təşkil olunan mundialdakı qazancımızın 5 "bürünc”dən ibarət olduğunu qeyd etmək lazımdır. Əlbəttə, Yeniyetmələrin Yay Olimpiya Oyunlarını da unutmaq olmaz. Güləş Azərbaycanda bu yaş qrupunda da lider olduğunu qazandığı 1 qızıl, 1 bürünc medalla növbəti dəfə sübut etdi.

AGF diqqət
mərkəzində
İl ərzində qazanılan uğurlar Gənclər və İdman Nazirliyinin (AGİN) ilin yekunlarıyla bağlı keçirdiyi mərasimdə də əksini tapdı. Təsadüfi deyil ki, AGF ilin ən yaxşı idman federasiyası seçildi. İlin ən yaxşı idmançıları arasında 3 güləşçimiz - Eldəniz Əzizli, Cəbrayıl Həsənov və Mariya Stadnik yer aldı. Eldənizin şəxsi məşqçisi Vaqif Feyzullayev ilin məşqçisi seçildi. AGF-nin İdman şöbəsinin müdiri Yaqub Məmmədov Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi adına sahib çıxdı. 2018-də Avropa və dünya çempionu olan Əzizli həm də İdman Araşdırmalar Mərkəzi və "Futbol+” qəzetinin keçirdiyi sorğu nəticəsində ilin ən yaxşı idmançısı ünvanını qazandı.

Yeni ilə yeni
ümidlərlə
2019 güləş üçün məsuliyyətli illərdəndir. Bu il keçiriləcək 2-ci Avropa Oyunları və Avropa Gənclərinin Olimpiya Festivalının proqramında güləş də yer alıb. İlin əsas yarışı - Astanada təşkil olunacaq dünya çempionatı isə Tokio-2020 Olimpiadasına lisenziya verən ilk turnirdir. Mundialda Olimpiya çəkilərində ilk "5-lik”də yer alanlar Tokio-2020-yə vəsiqə qazanacaqlar. Deməli, bu il daha uğurlu çıxış etmək vacibdir. AGF rəhbərliyi, məşqçilər və güləşçilər də bu məsuliyyəti dərk edir və Azərbaycanı beynəlxalq yarışlarda layiqli təmsil etmək üçün səylə çalışırlar.