Müşfiq İsayevin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib

Müşfiq İsayevin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib


Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr edilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə XXII açıq respublika turniri keçrilib. Yanvarın 11-də keçirilən yarışın açılış mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış ediblər.
Yarış iştirakçılarını salamlayan İsmayıl İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsi və idmanın, o cümlədən güləşin inkişafına göstərdiyi diqqət və qayğıdan, habelə idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıb. Bildirib ki, son illər Azərbaycanda idman sürətlə inkişaf edir. Sevindirici haldır ki, bu idman növləri arasında güləş də özünəməxsus yer tutur. Ötən il ölkəmiz 50-dən artıq beynəlxalq turnirə ev sahibliyi edib.
Güləşin tarixən Azərbaycanda ən geniş yayılmış idman növlərindən biri olduğunu deyən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev qeyd edib ki, dövlətimizin idmana diqqət və qayğısının məntiqi nəticəsi olaraq son illər atletlərimiz yüksək nailiyyətlərə imza atıblar. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov yarışın əhəmiyyətini yüksək qiymətləndirərək yeniyetmə pəhləvanlarımızın ötən il qazandıqları nailiyyətlərdən danışıb. O, vurğulayıb ki, respublika turniri bu il ölkəmizdə keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalına seçim xarakteri daşıyır.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib. Açılış mərasimi bədii hissə ilə davam edib.
Sonra MOK-un Ədalətli Oyunlar Komissiyası tərəfindən hazırlanan xüsusi mükafatlar təqdim olunub. Güləşçimiz Əbülfəz Nəsirov "Ədalətli oyun prinsiplərinə sadiq idmançı”, Zaur Umarakaev (Rusiya) "Ədalətli oyun prinsiplərinə sadiq məşqçi”, Yerbolat Muxametalinov (Qazaxıstan) isə "Ədalətli oyun prinsiplərinə sadiq hakim” mükafatına sahib çıxıb.
Tədbirdən sonra güləşçilər güclərini sınayıblar.

Yarış 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilib.
İyulda Bakıda təşkil olunacaq XV Avropa Gənclər Yay Olimpiya Festivalının proqramında yer alan altı (45, 48, 51, 55, 60 və 65 kq) çəki dərəcələri üzrə keçirilən mübarizədə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilər də iştirak ediblər.
Yarışın ilk günündə 45, 48, 51, 55, 60 və 65 kiloqram çəki dərəcələrində sərbəst güləş üzrə 178 pəhləvan mübarizə aparıb.
Turnirdə Murad Haqverdiyev (45 kq), Ramiq Heybətov (48 kq), Kənan Heybətov (51kq), Ruslan Şıxıyev (55 kq), Əbülfəz Nəsirov (60 kq) və Cəbrayıl Həsənov (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Komanda hesabında Azərbaycan 1-ci, Gürcüstan 2-ci, Rusiya isə 3-cü yeri tutub.
Yarışın sonuncu günündə 45, 48, 51, 55, 60 və 65 kiloqram çəki dərəcələrində yunan-Roma güləşi üzrə 79 idmançı mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Tornike Şaynidze (45 kq, Gürcüstan), Əli Həsənov (48 kq), Elmir Əliyev (51 kq), Nihad Məmmədli (55 kq), Nika Broladze (60 kq, Gürcüstan) və Xasay Həsənli (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, komanda hesabında Azərbaycan birinci, Gürcüstan ikinci, Özbəkistan isə üçüncü yeri tutub.