Qılıncoynadanlarımız Ümumrusiya açıq “Yeni il” turnirində yarışıblar

Qılıncoynadanlarımız Ümumrusiya açıq “Yeni il” turnirində yarışıblar


Kazanda qılıncoynatma üzrə Ümumrusiya açıq "Yeni il” turniri keçirilib. 130 yeniyetmə oğlan şpaqaçının mübarizəsində qılıncoynadanlarımızdan Barat Quliyev, Raul Aruslanov və Kənan Məlikzadə qüvvələrini sınayıblar. Barat Quliyev qrup mərhələsində keçirdiyi 5 görüşdən 2-ni qalib başa vurmaqla pley-offa yüksəlib. 1/64 finalda Rusiya idmançısı Aleksey Borodini məğlub edən təmsilçimiz növbəti mərhələdə digər rusiyalı idmançı Aleksey Vinoqradova uduzub.
Digər şpaqaçımız Raul Aruslanov da qrup mərhələsini adlamağı bacarıb. Qrupda keçirdiyi 6 görüşdən 2-də qalib gələn idmançımız 1/64 finalda Tatarıstan idmançısı Daniel Əskərova məğlub olub. Qrupda keçirdiyi 6 görüşdən 1-də qələbə qazanan K.Məlikzadə isə mübarizəni erkən dayandırıb.
Yüz otuz yeddi yeniyetmə qız şpaqaçının yarışında isə ölkəmizi Azərin İdriszadə, Nazilə Rəhimova, Alfiyə Abdinova və Aysu Nuriyeva təmsil ediblər. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-də qalib gələn A.İdriszadə 1/64 finalda rusiyalı Yekaterina Tarasovaya uduzub. Qrupda keçirdiyi 6 görüşdən 2-də qələbə qazanan N.Rəhimova isə 1/64 finalda Özbəkistan idmançısı Sevara Rəhimovaya məğlub olub. A.Abdinova da 6 görüşdən 2-də qalib gələrək pley-offa yüksəlib. Şpaqaçımız 1/64 finalda rusiyalı Mariya Melexinaya uduzub. Altı görüşdən 1-də qələbə əldə edən A.Nuriyeva isə qrup mərhələsini adlaya bilməyib.