“İdmançı” qəzetinin 20 yaşı tamam olub

“İdmançı” qəzetinin 20 yaşı tamam olub

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının mətbu orqanı olan "İdmançı” qəzetinin 20 yaşı tamam olub. Təhsil ocağının qəzeti 1998-ci il dekabr ayının 2-də nəşrə başlayıb. "İdmançı” fəaliyyətinin ilk günlərindən gənc nəslin təlim - tərbiyəsi işinin fəal iştirakçısına çevrilmiş, tələbələrin mənəvi-əxlaqi tərbiyəsində mühüm rol oynamışdır. Bu illər ərzində "İdmançı” qəzetində akademiyanın ən tanınmış elm adamları ilk qələm təcrübələrini qazanmışlar. 20 ildir ki, qəzet sanki doğma akademiyanın həyatına ayna tutur, onun acılı-şirinli, kədərli - təntənəli günlərini tarixin yaddaşına köçürür. Bədən tərbiyəsi və idman sahəsində tədris ocaqlarımızın özəyi olan akademiyada keçirilən elə bir ictimai-siyasi tədbir, maraqlı təşəbbüs yoxdur ki, "İdmançı”da öz əksini tapmamış olsun.
"İdmançı” qəzetinin qarşısında duran mühüm vəzifələrdən biri təlim-tərbiyə işinin müxtəlif sahələrini işıqlandırmaq, tədrisin keyfiyyətini, gənclər arasında tərbiyə işinin səviyyəsini yüksəltmək, onlara dostluq, yoldaşlıq hisslərini aşılamaq, mühüm elmi problemləri şərh etmək və istiqamətləndirmək, nəzərə çarpan qüsurların aradan qaldırılmasında akademiya rəhbərliyinə yaxından kömək göstərmək, akademiyanın rəngarəng həyatını, kafedralarda aparılan elmi-tədqiqat işlərini, mədəni-kütləvi tədbirləri, tələbə məişətini dolğun işıqlandırmaqdır. Bir sözlə, qəzetdə günün aktual məsələləri, akademiyada gedən yenidənqurma, təmir-tikinti və abadlıq işləri barədə maraqlı məqalələr, şərhlər, reportajlar, xəbərlər dərc edilir.
20 illik fəaliyyəti müddətində "İdmançı” qəzeti pedaqoji kadr hazırlığı işində bilavasitə xidmətlər göstərmiş, tələbələrin elmi-mədəni səviyyəsinin yüksəldilməsində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Qəzet akademiyanın elmi-mədəni nailiyyətlərini öz səhifələrində işıqlandırmaqla yanaşı, tələbə-gənclərin yaradıcılığına da öz səhifələrində yer vermiş, onlarla fəal iş aparmışdı.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən dəfələrlə ilin ən yaxşı tarixi yazarı, peşəkar jurnalisti, 2018-ci ilin "İlin elm adamı " adına layiq görülən pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin baş redaktorluğu ilə nəşr edilən "İdmançı” qəzeti Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının elmi-mədəni həyatında baş verən hadisələrin fəal təbliğatçısı kimi səmərəli fəaliyyətini bu gün də davam etdirir.
"İdmançı”nın akademiya daxilində öz oxucu kütləsi var və xüsusilə də bu təhsil ocağının yeni rektoru Fuad Hacıyevin fəaliyyəti nəticəsində son dövrlər qəzet rəngli nəşr olunduğundan ona maraq daha da artıb. Hazırda qəzetin elektron səhifəsi də var, bununla yanaşı, "Facebook” sosial şəbəkəsində də səhifə yaradılıb.
"İdmançı” qəzetinin 20 illik yubileyi münasibətilə nəşrin redaksiyasını ürəkdən təbrik edir, qəzetin yaradıcı kollektivinə çoxsaylı oxucu kütləsi və uğurlar arzu edirik!