Paralimpiyaçımız 4000 metr məsafədən paraşütlə tullanıb

Paralimpiyaçımız 4000 metr məsafədən paraşütlə tullanıb


Milli Paralimpiya Komitəsinin üzvləri Vüsalə Kərimova və Kamal Məmmədov Moskva şəhərinin "Aeroqrad Kolomno" aerodromunda 4000 metr məsafədən təyyarədən paraşütlə tullanıblar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubleyi münasibətilə keçirilən bu tədbir Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) dəstəyi ilə təşkil olunub. Rusiya Azərbaycanlı Gənclər Təşkilatının üzvü Dünya Dadaşova və Milli Paralimpiya Komitəsinin birinci vitse- prezidenti Natiq Qasımov paralimpiyaçılara dəstək üçün onlarla bərabər paraşütlə tullanıblar.
Daha sonra Azərbaycanın Rusiyadakı səfirliyində, Rusiya Azərbaycan Gənclər Təşkilatının (RAGT) nümayəndələri ilə azərbaycanlı paralimpiyaçılar arasında görüş keçirilib. Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, birinci vitse-prezident Natiq Qasımov və RAGT-ın nümayəndəsi Emin Hacıyev iştirak ediblər. Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən idmançılarımız gənclər təşkilatının üzvləri ilə öz təəssüratlarını bölüşüb, xatirə şəkli çəkdiriblər. Qeyd edək ki, paralimpiyaçılarımıza RAGT sədri Leyla Əliyeva tərəfindən pul mükafatı verilib.