Qılıncoynadanımız Bəhreyndə gümüş medal qazanıb

Qılıncoynadanımız Bəhreyndə gümüş medal qazanıb


Qılıncoynatmanın şpaqa növü üzrə kişilərdən ibarət Azərbaycan millisinin üzvləri Ruslan Həsənov, Barat Quliyev, Kənan Məlikzadə və Xalid Əliyev Bəhreynin paytaxtı Manama şəhərində keçirilən gənclərin dünya kubokunun mərhələ yarışında iştirak ediblər.
Şpaqaçılarımızdan Ruslan Həsənov qrup mərhələsində keçirdiyi 5 görüşü qalib başa vurmaqla, mütləq nəticə ilə pley-offa yüksəlib. 1/16 finalda Küveyt idmançısı Xələf Əlmutairini məğlub edən Ruslan, 1/8 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Ömər Alakkas üzərində qələbə qazanıb. Təmsilçimiz yarımfinala yüksəlmək uğrunda görüşdə iordaniyalı İyad Odehə qalib gəlib. Yarımfinalda Qazaxıstan idmançısı Aleksandr Savinə qalib gələn R.Həsənov finalda Çex Respublikası təmsilçisi Yakub Yurka ilə qarşılaşıb. Rəqibinə uduzan R.Həsənov turnirin gümüş medalı ilə kifayətlənib.
Qrup mərhələsini 3 qələbə ilə başa vuran Barat Quliyev isə 1/32 və 1/16 finalda Səudiyyə Ərəbistanını təmsil edən rəqiblərini məğlub edib. Müvafiq olaraq, Əbdülkərim Alotaibi və Hüseyn Altavelə qalib gələn B.Quliyev 1/8 finalda Estoniyanı təmsil edən Yaron Kiroyaya uduzub.
Qrup mərhələsində 4 qələbə qazanan Xalid Əliyev isə 1/16 finalda bəhreynli Abdulla Abdulkərəm Mesferə uduzub. Qrupu 2 qələbə ilə başa vuran şpaqaçımız Kənan Məlikzadə isə 1/32 finalda Bəhreyn idmançısı Abdulla Albaluşiyə qalib gəlsə də, növbəti mərhələdə braziliyalı Aleksandr Kamarqoya uduzub.