Üzgüçülər xatirə turnirində qüvvələrini sınayıblar

Üzgüçülər xatirə turnirində qüvvələrini sınayıblar


Nərimanov rayonunda şəhid Fəxrəddin Qurbanlının xatirəsinə həsr edilmiş üzgüçülük turniri keçirilib.
Turnirdə, əvvəlcə, Azərbaycanın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnirin açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Bakı Modern Təhsil Kompleksinin direktoru Mina Əliyeva çıxış edərək yarış iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb. Natiqlər qeyd ediblər ki, hər bir dövlətdə güclü ordunun yaradılması tarixi zərurətdir. Güclü ordusu olan dövlət yenilməzdir. Milli Orduda xidmət etmək Vətənə ən şərəfli xidmətdir. Çünki bu ordu Azərbaycanın müstəqilliyinin, onun təhlükəsizliyinin qoruyucusudur.
Sonra çıxış edən şəhid Fəxrəddin Qurbanlının əmisi Afiq Qurbanov və şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev bildiriblər ki, 2016-cı ilin Aprel döyüşlərində zabit və əsgərlərimiz böyük hünər və igidlik göstərdilər.
Daha sonra üzgüçülük turnirinə start verilib. Komanda hesabında I yeri "Sərhədçi” İdman Olimpiya Mərkəzinin komandası tutub. "Şüa” İdman Klubunun və Bakı Modern Təhsil Kompleksinin komandaları isə müvafiq olaraq, ikinci, üçüncü yerlərdə qərarlaşıblar.
Sonda qaliblər müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.