«Neftçi» İSM «Atam, anam və mən» turizm yarışı təşkil edib

«Neftçi» İSM «Atam, anam və mən» turizm yarışı təşkil edib


«Neftçi» İSM-in mətbuat xidmətindən olimpnews.az saytına verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən «Neftçi» İdman-Sağlamlıq Mərkəzi ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsində yaxından iştirak edir. Belə ki, mərkəz peşəkar idmanla yanaşı, mütəmadi olaraq neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar keçirir. İdmanın kütləviləşməsi, gənclərin sağlam böyüməsi, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə həyata keçirilən bu tədbirlər artıq ənənə halını alıb.

«Neftçi» İdman-Sağlamlıq Mərkəzi bu il də öz ənənəsini davam etdirərək, neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri və onların ailə üzvləri arasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş «Atam, anam və mən» idman-turizm yarışı təşkil etdi. İyunun 7-9-da Azərbaycanın dilbər guşələrindən olan Xaçmaz rayonunun Nabran qəsəbəsindəki meşə zolağında təşkil olunan yarışda «Azərneftyağ» Neft Emalı Zavodu, «Neftqazelmitədqiqatlayihə» İnstitutu, Gəmi Təmiri Zavodu, Xəzər Dəniz Neft Donanması (XDND), Maddi-Texniki Təchizat İdarəsi, «28 May» NQÇİ, XDND-nin Qəzadan Xilasetmə İdarəsi və «Qaz İxracı» İdarəsinin komandaları qüvvələrini sınayırdılar. Yarışın keçirilməsində əsas məqsəd «Atam, anam və mən» idman-turizm yarışını neftçilər arasında inkişaf etdirmək, işçilərə təbii şəraitə uyğunlaşma vərdişlərini aşılamaq, turizm üzrə yarışların yeni formalarını araşdırmaq və təbliğ etmək idi.
Qaydaya görə, yarışda Dövlət Neft Şirkətinin tabeliyində olan idarə və müəssisələr iştirak edə bilərdilər. Komandanın tərkibi 4 nəfərdən (1 kişi, 1 qadın, 1 uşaq (oğlan və ya qız) və 1 nümayəndə) ibarət idi. Oğlan və qızlar arasında yarış ayrılıqda keçirilirdi. Qeyd edək ki, bu yarışlarda iştirak etmək istəyən uşaqların yaş həddi 14-dən yuxarı olmamalıdır. Komandaya yalnız ailə üzvləri daxil edilmişdi. Maraqlıdır ki, hər müəssisəyə yarışlarda 4 komanda ilə təmsil olunmaq hüququ verilmişdi.

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi də eyni vaxtda Nabran qəsəbəsindəki «Xəzər» İstirahət Mərkəzində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə və «Atam, anam və mən - turist ailəsiyik» respublika çempionatının ölkəmizdə təşkil olunmasının 50 illik yubileyinə həsr olunmuş yarış keçirirdi. Adıçəkilən qurum «Neftçi» İdman-Sağlamlıq Mərkəzinə müraciət edərək, yarışda iştirak etmək üçün 5 komanda (ailə) dəvət etmişdi. «Neftçi» İSM də bu sayda komanda ilə çempionatda iştirak etdi. Saridan Mursaqulovun baş hakimliyi ilə yüksək səviyyədə təşkil olunan respublika yarışında 36 komanda mübarizə aparırdı.
Yarışın qaydalarına görə, ailə komandası start nöqtəsinin yaxınlığında bükülmüş halda olan çadırı açaraq yığır və onu hazır hala gətirdikdən sonra yenidən əvvəlki halına qaytarır. Ardınca komanda ağaclarda çayın üstündə quraşdırılmış qoşa kəndiri ayaqüstə keçdikdən sonra növbəti maneəyə doğru qaçır. Bu dəfə çayın üstündə quraşdırılmış kəndiri arxası üstə əllərini və ayaqlarını sürüşdürməklə keçir. Sonra bir qədər qaçaraq, irəlidə qoyulmuş xüsusi kisələri götürür və hər bir iştirakçı qurşağa qədər ayrı-ayrı kisələrə girirdilər. Müəyyən məsafəni bu vəziyyətdə tullana-tullana hərəkət edən yarış iştirakçıları təyin olunmuş nöqtədə kisələri kənara ataraq, yenidən irəliyə doğru qaçırdılar. Bu dəfə çayı onun üstündəki ağacın üstü ilə adlayır, sonra isə ağacdan asılmış kəndir vasitəsilə çayın üstündən əks tərəfə tullanırdılar. Ardınca kəndirdən hörülmüş toru - «siçattutan»ı keçərək, müəyyən məsafəyə nöqtəyə qədər qaçır, orada zərərçəkənin daşınması nöqtəsindən ata və ana uşağı əlləri üzərinə götürüb, qaçaraq onu finişə daşıyırdılar. Yarışı ən tez və səhvsiz (və ya daha az səhvlə) başa çatdıran komanda qalib hesab olunurdu.

«Neftçi» İSM-in rəhbərliyi altında neft, qaz və kimya sənayesinin çempionatda təmsil olunan komandaları arasında Həmzəyevlər ailəsi (Maddi-Texniki Təchizat İdarəsi) daha yaxşı nəticə göstərərək yarışı 3-cü yerdə başa vurdu.
Növbəti gün isə «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin təşkil etdiyi yarışa start verildi. Ailə üzvlərindən ibarət komandalar arasında «Şən startlar» əyləncəli idman yarışı haqda baş hakim Nataliya Əliyeva məlumat verdi. Yarışın keçirilmə qaydası belə idi. Ailə komandası start nöqtəsindən irəli qaçaraq, müəyyən məsafədə yerə qoyulmuş kisələri götürür, qurşağa qədər onun içərisinə daxil olur və tullana-tullana təyin olunmuş nöqtəyə qədər hərəkət edir. Burada kisələri tərk edərək, yerdəki 3 topla qarşıdakı 3 butılkanı nişan alır və onları yıxmağa cəhd göstərirdilər. Sonra müəyyən məsafəyə qaçaraq, burada divardan asılmış şarları partlatmaq üçün hərəyə 1 ədəd xüsusi kiçik ox atırdılar. Ardınca qarşı tərəfdə kəndirdən hörülmüş «siçantutan»dan keçir, bir qədər irəli qaçdıqdan sonra isə yerdəki həlqəni götürərək, komandanın bütün üzvləri bu həlqənin içərisinə daxil olur və finişə qaçırdılar. Bir neçə maraqlı proseslərin birinin digərini əvəz etməsi ilə yüksək səviyyədə təşkil olunmuş «Şən startlar» əyləncəli yarışması bütün iştirakçıların, xüsusilə də uşaqların ürəyincə idi. Bu yarışa böyük coşğu ilə qoşulan uşaqların sevincinin həddi-hüdudu yox idi.
Beləliklə, ailə komandaları arasında təşkil olunan yarışlara yekun vuruldu. Oğlanlar arasında Gəncəliyevlər ailəsi («Azərneftyağ» Neft Emalı Zavodu) yarışın qalibi adını qazandı. Qurbanovlar ailəsi («28 May» NQÇİ) 2-ci, Muradzadələr ailəsi (Gəmi Təmiri Zavodu) 3-cü yeri tutdu. Qızlar arasında isə Ulçuxanovlar ailəsi (XDND) lider oldu. Mirzəyevlər ailəsi (Qəzadan Xilasetmə İdarəsi) 2-ci, Əkbərilər ailəsi (Gəmi Təmiri Zavodu) isə 3-cü yerə çıxdı.
Ailə yarışları başa çatdı və ertəsi gün uşaqlar arasında şeir demək, rəqs etmək və mahnı oxumaq, eləcə də Azərbaycanın tarixi və coğrafiyası ilə bağlı tərtib olunmuş suallar üzrə intellektual müsabiqə keçirildi. Uşaqlar müsabiqədə böyük maraq və həvəslə iştirak etdilər.
Yarışın sonunda keçirilən mükafatlandırma mərasimində «Neftçi» İSM-in kütləvi bədən tərbiyəsi və idman şöbəsinin rəisi Akif Məmmədov çıxış edərək uşaqları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə mərkəzin icraçı direktoru Sadıq Sadıqovun və rəhbərliyin adından təbrik etdi. Ölkəmizdə uşaqlara, onların sağlamlıqlarına göstərilən diqqət və qayğıdan söhbət açan natiq, yarışda göstərdikləri fəallığa görə bütün iştirakçılara minnətdarlığını bildirdi, gələcək fəaliyyətlərində onlara uğurlar dilədi.
Əvvəlcə yer tutmuş komandalara mükafatlar təqdim olundu. Sonra uşaqlar arasında keçirilən intellektual yarışmalarda və müsabiqələrdə qalib gəldiklərinə görə 10 nəfər - Hacı Zöhrabbəyli, Arzu Qurbanova, Xanımana Muradzadə, Vüsal Alızadə, İradə Hüseynova, Kənan Mirzəyev, Turan Əkbəri, Murad Ulçuxanov, Aliyə Muradzadə və Fərid Qurbanov mükafatlandırıldılar. Bundan əlavə, «Neftçi» İdman-Sağlamlıq Mərkəzi «ən kiçik turist», «ən fəal turist» və «ən qocaman turist» nominasiyaları üzrə də mükafatlar təsis etmişdi. Bu adlara müvafiq olaraq, Rza Muradzadə (Gəmi Təmiri Zavodu), Çingiz Axundov («Azərneftyağ» NEZ) və İxtiyar Asyabi (Qəzadan Xilasetmə İdarəsi) layiq görüldülər. Ardınca yarışda iştirak edən bütün uşaqlara bayram hədiyyələri təqdim olundu.

ARDNŞ Sİİ
«Neftçi» İSM-in mətbuat xidməti