«Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri» kitabının təqdimatı oldu

«Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri» kitabının təqdimatı oldu


Mayın 12-də Milli Olimpiya Komitəsinin inzibati binasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə nəşr olunmuş «Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri» adlı kitabının təqdimat mərasimi keçirildi. Mərasimdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, AZBDTİA-nın rektoru, professor Ağacan Abiyev, MOK-un vitse-prezidenti Xəzər İsayev, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Mirkamil Rəhimov, idman ictimaiyyətinin nümayəndələri və KİV-lər iştirak edirdilər. Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə tədbir iştirakçılarını salamlayaraq, təqdim olunan kitab barədə danışdı: «Azərbaycan idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev ölkə idmanının kütləviliyində əvəzsiz rol oynayıb. İstər sovetlər dövründə, istərsə də müstəqilliyimiz dövründə Heydər Əliyev idmana və idmançılara xüsusi qayğı göstərib. Ulu öndərin idmançılarla mütəmadi olaraq keçirdiyi görüşlər, onlara verdiyi tövsiyələr Azərbaycan idmanında qazanılan uğurların əsasını qoydu. Məhz ümummilli liderin düşünülmüş siyasəti nəticəsində cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Həmin ildən başlayaraq idman nailiyyətlərimiz daha da çoxaldı. Bu gün təqdimat mərasiminə toplaşdığmız «Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri» kitabı ümummilli liderin bədən tərbiyəsi və idmana göstərdiyi xüsusi qayğıya həsr olunub. Bu kitab Heydər Əliyevin hakimiyyətdə olduğu dövrləri - 1969-1982 və 1993-2003-cü illəri əhatə edir. Bu dövrlərdə idman sahəsində görülən işlər kitabda geniş əks olunub. İnanıram ki, «Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri» kitabı oxucuların marağına səbəb olacaq». AZBDTİA-nın rektoru, professor Ağacan Abiyev öz çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan idmanının inkişafı üçün əlindən gələni əsirgəmədiyini bildirdi. «Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqı üçün əvəzsiz işlər görüb. Ümummilli lider idmanın xalqın və dövlətin həyatında böyük əhəmiyyət kəsb etdiyini diqqətə çəkərək idmanın inkişafını vacib bir məsələ kimi qarşıya qoydu. Məhz Heydər Əliyevin təşəbəssü ilə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda idmanın inkişafı sahəsində mühüm nailiyyətlər əldə olundu. İdmançılarımız ən mötəbər yarışlardan vətənə medallarla qayıtdılar. Atletlərimiz Olimpiya oyunlarından qayıtdıqdan sonra Heydər Əliyev onlarla görüşür, əldə etdikləri nailiyyətləri yüksək qiymətləndirirdi. Onun qayğısı idmançılarımıza əlavə ruh verirdi. Azərbaycanda Olimpiya Hərəkatı Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra formalaşıb və inkişaf etməyə başlayıb. Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə özündə yeni keyfiyyət dəyişikliklərini əxz edən Azərbaycanın Olimpiya Hərəkatı tezliklə sürətli inkişaf mərhələsinə qədəm qoydu. 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə cənab İlham Əliyev kimi yüksək idarəçilik və təşkilatçılıq keyfiyyətləri olan bir şəxsin seçilməsi idman və gənclər siyasəti sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. 

Professor Dilqəm Quliyevin oxuculara təqdim etdiyi «Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri» kitabı ümummilli liderimizin bədən tərbiyəsi və idmana göstərdiyi qağyını geniş şəkildə işıqlandıran monoqrafiya kimi çox faydalıdır», - deyə Ağacan Abiyev əlavə etdi. MOK-un vitse-prezidenti Xəzər İsayev, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Mirkamil Rəhimov, «Təhsil» RİM-in direktoru Cəfər Hümbətov və «Miniatür kitab» muzeyinin direktoru Zərifə Salahova öz çıxışlarında Heydər Əliyevin idmana göstərdiyi qayğıdan danışdılar və «Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri» kitabını yüksək qiymətləndirdilər.
Kitabın müəllifi, pedaqogika üzrə fəlsəfə doktoru, professor Dilqəm Quliyev tədbir iştirakçılarına minnətdarlığını bildirdi və kitabın ərsəyə gəlməsində əməyi olan insanlara təşəkkür etdi.
Qeyd edək ki, «Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri» kitabı 240 səhifədən və 8 müxtəlif fəsildən ibarətdir.
Kitab «Təknur» MMC-nin mətbəsində hazır elektron variantda ofset üsulu ilə çap olunub.