Millimizin yeni baş məşqçisi Nikola Yurçeviç ölkəsinin mətbutına açıqlanmasında bunları deyib: "Bir illik müqavilə imzalamışam. AFFA məni komandanı irəli aparmaq üçün gətirib. Məşqçi heyətimizlə birlikdə uğurlu olacağımıza inanıram. Yerli klublarının oyunlarını izləmişəm. Futbolçular haqda ilkin məlumatım var. Buna görə də məni nə gözlədiyini bilirəm".
Xorvatiyalı mütəxəssisin millimizdəki ilk oyunu AÇ-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiyaya qarşı olacaq. O, ölkəsinin yığmasına qarşı keçiriləcək görüşü səbirsizliklə gözlədiyini bildirib:
"Maksimir" stadionunda keçiriləcək görüşün bir parçası olacağım üçün xoşbəxtəm. Keçmiş xatirələrə qayıtmaq möhəşəmdir. Xorvatiyaya rəqib olmağım qeyri-adi hissdir. Ancaq həyat belədir. Mən bu oyunu səbirsizliklə gözləyirəm. Hamı gözəl başa düşür ki, bu oyunda Xorvatiya aşkar favoritdir. Ancaq bacardığımız qədər mübarizə aparacağıq".
Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu martın 21-də keçiriləcək.
Nəzərinizə çatdıraq ki, baş məşqçi Nikola Yurçeviçin Azərbaycanda alacağı maaş müəyyənləşib. Xorvatiya mətbuatı yazır ki, 52 yaşlı mütəxəssis yığmamızda ilinə 300 min avro qazanacaq. Xəbərdə onun maaşının yığmanın sabiq baş məşqçiləri Berti Foqts və Robert Prosineçki ilə müqayisədə 3 dəfə az olduğu bildirilib. Foqts və Prosineçkinin millimizdə illik təxminən 1 milyon avro qazandıqları vurğulanıb.