Şaban Donat: ”Bəhanə üçün yer yoxdur”

Şaban Donat: ”Bəhanə üçün yer yoxdur”


Yunan-Roma güləşi üzrə yığmamız qarşıdakı yarışlara hazırlığı davam etdirir.
Millimiz Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçir. Bir müddət öncə İranda "Təxti kuboku”nda, Türkiyədə Vəhbi Əmrə və Hamit Kaplanın xatirə turnirində qüvvəsini sınayan komandamızın bir neçə üzvü fevralın 22-24-də Macarıstanın Dyor şəhərində keçiriləcək "Qran-pri”də mübarizə aparacaq.
Yığmamızın baş məşqçisi Şaban Donat geridə qalan yarışlar və gələcək planlarla bağlı Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verib:
"Bu turnirlərə qatılmaqda əsas məqsəd nəticə qazanmaq yox, çatışmazlıqları görmək idi. Bu yarışlar üçün xüsusi hazırlıq görməmişdik. Əsas diqqətimizi böyük turnirlərə ayırmışıq. Bununla belə "Təxti kuboku”nda Arif Niftullayevin (97 kq) çıxışını fərqləndirə bilərəm. Ağır çəkilərdə rəqabətin yüksək səviyyədə olmadığını nəzərə alsaq, Arifin İranda yaxşı güləşməsi bizi sevindirdi. Önümüzdə 23 yaşadək güləşçilərin qitə birinciliyi var. Ondan sonra isə böyüklərin Avropa çempionatı gəlir. Bu yarış bizim üçün çox vacibdir. Dünya çempionatından əvvəl sınaq xarakteri daşıyacaq. İyunda keçiriləcək 2-ci Avropa Oyunları da ilin ən önəmli yarışlarından biridir. Bu Oyunlarda da uğurlu çıxış etmək lazımdır. Astanada keçiriləcək mundialda isə Olimpiadaya maksimum sayda – 6 lisenziya qazanmağa çalışacağıq.
Macarıstandakı turnir reytinq xarakterlidir. Bu yarışda uğur qazanmaq ona görə lazımdır ki, dünya və Avropa çempionatlarında püşkatma zamanı reytinqi yüksək olan güləşçilərlə ilk mərhələlərdə qarşılaşmırsan. Sabah Şəriəti (130 kq) bu il ilk yarışına Dyorda çıxacaq. Gələcəyinə ümid bəslədiyimiz güləşçilərdən İslam Abbasov (87 kq) da bu yarışda çıxış edəcək. İstəyirik ki, çatışmayan tərəflərini görək və aradan qaldıraq. Daha bir gənc güləşçimiz Murad Məmmədova (60 kq) da Macarıstanda şans verməyi düşünürük. Çalışmalıyıq ki, yığmada hər çəkidə 2-3 güclü güləşçi olsun. Çünki zədə və xəstəlikdən heç kim sığortalanmayıb. Macarıstandan qayıdandan sonra yeni hazırlıq sistemi tətbiq edəcəyik. Özbəkistan, Türkiyə, Gürcüstan və Ukrayna güləşçiləriylə birgə toplanış gözlənilir.
Aşağı çəkilərdə rəqabət baxımından problem yoxdur. Azərbaycan idman ölkəsidir. Bu növlərin də başında güləş gəlir. Burda orta bir şey yoxdur, ya yaxşısan, ya da pis. Yaxşı olmaq məcburiyyətindəyik. Bəhanə üçün yer yoxdur”.