Bu gün Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışı keçirilir.
Olimpnews.az xəbər verir ki, turnirdə 30 ölkədən 160-dən artıq gimnastın mübarizə aparır. Ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) təşkil olunub. Bu il baş tutacaq yarışa marağın səbəbi isə kubokun təsnifat xarakterli olmasıdır.
Ölkəmizi turnirdə batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz Mixail Malkin təmsil edəcəklər.
İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri təşkil ediləcək.
Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy” kuboku da təqdim olunacaq.
Qeyd edək ki, 2019 və 2020-ci illərdə Tokio Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 Dünya Kuboku yarışı keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə ev sahibliyi edəcək.