Bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçən yunan-Roma güləşi üzrə yığmamızın açıq məşqini izləyib. AGF rəhbəri hazırlıq prosesinin startı ərəfəsində güləşçilərlə görüşüb. Baş katib Orxan Məmmədov, vitse-prezidentlər Elçin Cəfərov və Namiq Abdullayevin də iştirak etdiyi görüşdə Namiq Əliyev pəhləvanlarımıza qarşıdan gələn məsul yarışlarda uğurlar arzulayıb, onların problemləriylə maraqlanıb və fikirlərini çatdırıb: "Əksəriyyətinizin kifayət qədər təcrübəsi var. Bir qisminiz yeniyetmələr və gənclər, bir qisminiz isə böyüklər arasında Avropa və dünya çempionatlarında, Olimpiadalarda fərqlənmisiniz. Güləşdə yetərincə məsafə qət etmisiniz. Geriyə boylanıb, müəyyən yarışlardakı çıxışlarınıza baxsanız, bəzən döyüşkənliyin çatmadığını görərsiniz. İdmançı ilk növbədə özünə inanmalıdır. Rəqiblərinizdə qeyri-adi bir şey yoxdur. Olimpiadaya gedəcək güləşçilərimiz gecə-gündüz olimpiya çempionu olacağını düşünməlidir. İdmançı ki, o arzuyla yaşamır, heç vaxt olimpiya çempionu ola bilməyəcək. Bu il Türkiyə və İranda keçirilən beynəlxalq turnirlərdə iştirak etmisiniz. Bir neçə güləşçi isə gələn həftə Macarıstandakıyarışda qüvvəsini sınayacaq. Avropa çempionatına çox az vaxt qalıb. Bu il 2-ci Avropa Oyunları da olacaq. Ondan sonra isə bizi dünya çempionatı gözləyir. Problemlərlə məşqə gəlmək olmaz. İdmançı gərək bütün diqqətini məşqinə yönəltsin. Hamınız peşəkar idmançısınız. Bu, sizin işinizdir. Həmişə geriyə boylanıb, səhvlərinizi təhlil edin. Hamınıza uğurlar arzulayıram”. Daha sonra E.Cəfərov yığmamızın bir neçə komandayla birgə təlim-məşq toplanışı keçməsinin faydalı ola biləcəyini deyib. AGF-nin prezident əvəzi təklifi müsbət qarşılayıb və bu məsələnin həllini tapacağını bildirib.