“Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüş keçirilib

“Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüş keçirilib


Rusiyanın Gənclərlə İş üzrə Federal Agentliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə may ayının 6-dan başlayaraq "Bizim ümumi qələbəmiz” adlı layihə çərçivəsində Sankt-Peterburq-Bakı-Moskva marşrutu üzrə "Qələbə yolları ilə” adlı beynəlxalq avtoyürüşə start verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq avtoyürüşün təşkil olunmasında məqsəd gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, MDB dövlətlərinin cəmiyyətləri arasında əlaqələrin qurulmasıdır.
Sankt-Peterburq şəhərindən başlanan beynəlxalq avtoyürüşün iştirakçıları Rusiyanın 19 şəhərindən keçərək Azərbaycana daxil olublar. Onlar Xaçmaz rayonunun fəal gəncləri ilə görüşüb, sonra onlar Quba şəhərində "Naməlum əsgər” abidəsini ziyarət edib, həmçinin Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon gəncləri və II Dünya müharibəsi veteranları ilə görüşüblər. Onlar Heydər Əliyev muzeyi ilə tanış olduqdan sonra Quba Xalçaçılıq Mərkəzi, Tarix və Etnoqrafiya Muzeyini də ziyarət ediblər.
Növbəti gün yürüş iştirakçıları Qəbələ rayonunda olublar. İyunun 9-da yürüş iştirakçıları Bakı şəhərinə gələrək "İrəli” İctmai Birliyinin üzvləri ilə görüşüblər.
Avtöyürüş iştirakçıları Fəxri Xiyabanı ziyarət edərək, ulu öndər Heydər Əliyevinin məzarı önünə gül dəstələri qoyublar. Avtoyürüş iştirakçıları Bakı şəhərinin mədəni-tarixi abidələrini ziyarət etdikdən sonra "Hilton” mehmanxanasında Böyük Vətən müharibəsi veteranları və tələbə gənclər təşkilatlarının sədrləri ilə görüş keçiriblər.
Qeyd edək ki, iştirakçılar iyunun 11-də Moskva istiqamətində yürüşlərini davam etdiriblər. Yürüş Moskva şəhərində təntənəli mərasimlə yekunlaşacaq.