Vəfat edən futbolçunun transferi ilə bağlı razılığa gəldilər

Vəfat edən futbolçunun transferi ilə bağlı razılığa gəldilər


"Kardiff Siti” və "Nant” təyyarə qəzasında həlak olan Emiliano Salanın transferi üçün ödənişlə bağlı razılığa gəliblər.
Fransızlar 5 milyon funt sterlinq məbləğində ilk ödəmənin bir həftə təxirə salınmasına etiraz etməyiblər.
Uelslilər 29 yaşında dünyasını dəyişən hücumçunun transfer üçün nəzərdə tutulan məbləğin 1/3-ni fevralın 20-dək verməli idilər.
Lakin "Kardiff Siti” rəhbərliyi "Nant”dan futbolçunun faciəvi ölümü ilə bağlı istintaqın nəticələrini gözləməyi xahiş edib.
Emiliano Sala "Kardiff Siti”yə qış transfer dövründə Fransa "Nant”ından 15 milyon funt sterlinqə keçib. O, Uels təmsilçisinin tarixində ən bahalı transfer olub.
Argentinalı forvard Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib.
Axtarış qrupu təyyarəni La Manş boğazından tapıb. Daha sonra isə futbolçunun meyiti aşkarlanıb.