Almaniyanın Bukshayml şəhərində keçirilən qarşılaşmada futbol tarixinin təkrarlanmayacaq hadisəsi baş verib. Hakim qonaq komandanın qapısına on bir metrlik cərimə zərbəsi təyin edib. Cəzalandırılan komandanın futbolçuları hakimin qərarı ilə razılaşmayaraq onunla mübahisə edib, hətta yalvarıblar ki, cərimə zərbəsini ləğv etsin. Amma ədalət təmsilçisi inadından nəinki dönməyib, hətta topu on bir metrlik cərimə nöqtəsinə özü qoyub. Hakimin bu hərəkətinə etiraz edən qonaqların müdafiəçisi topa yaxınlaşaraq onu qüvvətli zərbə ilə komandasının boş qapısına ( qapıçı da hakimlə mübahisə edirmiş) vurub. Hakim isə, heç nə olmayıbmış kimi, meydanın mərkəzini göstərib. Bu, on bir metrlik cərimə zərbəsindən vurulan yeganə avtoqoldur.