DSX rəisi beynəlxalq turnirdə qələbə qazanan idmançılarla görüşüb

DSX rəisi beynəlxalq turnirdə qələbə qazanan idmançılarla görüşüb

Fevralın 25-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Tehranda keçirilmiş karate üzrə "Master Cup” beynəlxalq turnirində qələbə qazanmış "Sərhədçi” İdman Olimpiya Mərkəzinin idmançıları ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqəti sayəsində Azərbaycan idmanının sürətlə inkişaf etməsi, milli idmançılarımızın Olimpiya Oyunlarında və digər mötəbər idman yarışlarında ölkəmizi yüksək səviyyədə təmsil etmələri, Azərbaycan sərhədçilərinin də bu sahəyə töhfə verməyə çalışmaları qeyd olunub.
İdmançıları qazandıqları qələbələr münasibətilə təbrik edən general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən Zəhra Salmanlının uğurlu çıxışının və vətənpərvərlik nümunəsinin yüksək qiymətləndirilərək hədiyyə ilə mükafatlandırılmasını Azərbaycan dövlətinin gənc idmançıların inkişafına diqqət və qayğısının növbəti ifadəsi olduğunu xüsusi vurğulayıb.
"Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəisi, polkovnik E.Mirzəyev mərkəzdə idmanın 26 növü üzrə komandaların fəaliyyət göstərdiyini, gənc idmançıların təkcə fiziki hazırlığına deyil, həmçinin tədrisinə, vətənə məhəbbət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyini bildirib. O, Tehranda keçirilən və 1600-dən çox idmançının qatıldığı karate üzrə sonuncu "Master Cup” turnirində ölkəmizi təmsil edən "Sərhədçi” idman klubunun 12 idmançısından 7-sinin qızıl, 3-nün gümüş, 2-sinin bürünc medal qazandıqlarını, komandamızın ümumi hesabda ikinci yeri tutduğunu, idmançılarımızın Ermənistandan olan dörd rəqibini məğlub etdiklərini diqqətə çatdırıb.
Ən yüksək nəticə ilə Ermənistandan olan rəqibini mütləq üstünlüklə məğlub edərək turnirin qalibi olmuş 10 yaşlı Zəhra Salmanlının, Elnaz Soltanlının, Ülvira Rüstəmlinin və digər idmançılarımızın Azərbaycan Respublikasının dövlət bayrağının Ermənistan bayrağından aşağıda asılmasına dərhal reaksiya vermələrinin, dövlət bayrağımıza qarşı bu hörmətsizliyin aradan qaldırılmayacağı halda komandamızın turnirdə iştirakdan imtina edəcəyini bildirmələrinin və nəticədə bu xoşagəlməz halın aradan qaldırılmasının təmsilçilərimizin vətənpərvərliyinin, Vətən sevgisinin göstəricisi, dövləti maraqların müdafiəsinə əsl sərhədçi sədaqətinin ifadəsi olduğu qeyd edilib.
Turnirdə Azərbaycan Respublikasının dövlət himnini 7 dəfə səsləndirən, 12 dəfə dövlət bayrağımızı yüksəldən idmançılar Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən fəxri fərman, komandanın məşqçisi Zöhrab Səfərov "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub. Bundan başqa, hər bir idmançıya Azərbaycan Respublikasının dövlət bayrağı və sərhədçi bereti hədiyyə edilib.
Çay süfrəsi arxasında davam etdirilən səmimi söhbət zamanı "Sərhədçi” idman klubunun üzvlərinin gələcək planları, iştirak edəcəkləri turnirlər, məşq şəraiti və digər məsələlər müzakirə olunub, gənc idmançılara hərtərəfli dəstəyin göstərilməsi barədə tapşırıqlar verilib.