Minskdə Azərbaycan rekordu

Minskdə Azərbaycan rekordu


Belarusun paytaxtı Minskdə atletika üzrə beynəlxalq yoldaşlıq turnirinə yekun vurulub.
Azərbaycan Atletika Federasiyasından «Olimpiya dünyası» qəzetinə verilən məlumata görə, turnirdə ölkəmizi Günel Hüseynova, Lamiyə Vəliyeva, Fəxriyyə Tağızadə, Yelena Pextireva, Sabrina Zralova, Teymur Salahzadə, Rüstəm Məmmədova, Ramiz Məlikov, Füzuli Talıbov və Aydın Bədəlov təmsil ediblər. Onlar qaçış, tullanma və nüvəitələmə yarışlarında güclərini sınayıblar.
Rüstəm Məmmədov üç təkanla tullanmada 15 metr 30 santimetr tullanaraq turnirdə 4-cü yerə yüksəlib. Teymur Salahzadə isə 400 metr qaçışda 49,91 saniyə ilə yeniyetmələr arasında yeni Azərbaycan rekordu təyin edib. Yelena Pextireva uzunluğa tullanmada 5 metr 97 santimetr nəticə göstərərək bürünc medala layiq görülüb.
Minsk turnirində hər bir ölkənin ən yaxşı idmançıları təqdim olunur. Rüstəm Məmmədov və Yelena Pextireva azərbaycanlı atletlərdən ən yaxşısı seçiliblər.
Turnirdə yarışların idarə olunmasında ölkəmizi respublika dərəcəli hakim, atletika üzrə Azərbaycan Hakimlər Kollegiyasının sədr müavini Ceyhun Hüseynov və Kənan Məhərrəmov təmsil ediblər.
Xatırladaq ki,"Bakı 2015” ilk Avropa və "Bakı 2017” IVİslam Həmrəyliyi Oyunlarının atletika yarışlarında baş hakimin müavini olan Kənan Məhərrəmov iyulda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalında da bu vəzifəni yerinə yetirəcək.