Fidan Ağazadə “Optimist” sinfində fərqləndi

Fidan Ağazadə “Optimist” sinfində fərqləndi


Azərbaycan Yelkənli İdman Federasiyanın yığma komandası Omanda "Optimist” və "Laser” sinifləri üzrə təşkil olunan beynəlxalq "Mussanah Race Week 2019” yarışında iştirak edib. Yarışda Azərbaycanı "Optimist” sinfi üzrə Ayla Babayeva, Fidan Ağazadə, Kristina Kərimova, Səxavət Əzimov, "Laser” sinfi üzrə isə Murad Allahverdi, İsmayıl Kərimov, Cavid Kərimov təmsil ediblər. Komanda yarışa nümayəndə heyətinin rəhbəri Burcu Alqon Giorgianni, "Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız və "Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşının başçılığı ilə qatılıb.
İyirmi üç ölkədən 156 peşəkar idmançının iştirak etdiyi yarışda Azərbaycan Yelkənli İdman Federasiyasının üzvləri uğurla mübarizə aparıblar. On iki yaşlı qızların yarışında 68 nəfərin gərgin mübarizəsində "Optimist” sinfi üzrə yelkənçimiz Fidan Ağazadə üçüncü yeri tutub. Peşəkarların yarışında bürünc medala sahib olmaq Azərbaycan Yelkənli İdman Federasiyasının gənc üzvünün böyük uğuru kimi qiymətləndirilib. Azərbaycan yelkənçilərinin çətin hava şəraitində məşq və yarışlarda peşəkarlıq nümayiş etdirmələri beynəlxalq məşqçilərin hesabatlarında da xüsusi qeyd olunub.
Tanınmış məşqçi Draqan Qasiçin də iştirak etdiyi yarışa Azərbaycan Yelkənli İdman Federasiyasının komandası xüsusi dəvət əsasında qatılıb.
Xatırladaq ki, ötən il mayın 31-dən iyunun 3-dək Azərbaycan Yelkənli İdman Federasiyasının komandasının hazırlığı, o cümlədən yerli məşqçilərin təcrübələrini artırmaları məqsədilə təlim düşərgəsi təşkil olunmuşdu. Tanınmış məşqçi Draqan Qasiç də federasiya tərəfindən təlimə cəlb edilmişdi. Otuz il məşqçi kimi fəaliyyət göstərən, altı dəfə dünya və dördqat Avropa çempionu olan Draqan Qasiç məşq prosesindən və idmançılarımızın hazırlığından razı qalmışdı.
Aktiv bazası 2014–cü ildə fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi maddi-texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində "Optimist” sinfi üzrə 7-14, "Laser” sinfi üzrə isə 14 yaşdan yuxarı uşaq və yeniyetmələri idmanın bu növünə cəlb etməkdir. Federasiya tərəfindən "Optimist” və "Laser” sinifləri üzrə iki komanda formalaşdırılıb. Bu komandaları xaricdən dəvət edilən iki baş məşqçi çalışdırır. Komandaların məşqləri məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəssislərin rəhbərliyi ilə keçirilir.
Beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən yelkənçilərimiz dəfələrlə xaricdə təşkil olunan təlim-məşq düşərgələrinə qatılıblar. Bu düşərgələrdə iştirakın əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin və müxtəlif hava şəraitində mübarizə aparmaq sahəsində təcrübələrinin daha da artırılmasıdır.