"Yarışların açılışı mərasimi də təntənəli olacaq"

"Yarışların açılışı mərasimi də təntənəli olacaq"

Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) cüdo üzrə idman direktoru Yanoş Tardoş, Azərbaycan Cüdo Federasiyasının Baş katibi Elmar Babanlı, MPK-nın birinci Vitse prezidenti Natiq Qasımov, Vitse prezident, ikiqat paralimpiya çempionu İlham Zəkiyev, Baş katib Kamal Məmmədov, cüdo idman növü üzrə kişilər və qadınlardan ibarət milli komandaların baş məşqçiləri İbrahim İbrahimov və Ramin İbrahimov iştirak edib.
Konfransı MPK-nın prezidenti İlqar Rəhimov açaraq qeyd etdi ki, cari ilin 13-14 may tarixlərində Bakıda, Heydər Əliyev İdman-Konsert Kompleksində para cüdo idman növü üzrə beynəlxalq Qran-Pri yarışları keçiriləcək. İlk dəfə olaraq Bakı paralimpiya idmanı sahəsində belə bir mötəbər yarışa ev sahibliyi edəcək. "Biz bu yarışları "Ruhun zəfəri” devizi altında keçirməyi qərara almışıq. MPK ötən ilin nöyabr ayından yarışların hazırlığına başlamış və demək olar ki, işlərin 70 faizindən çoxu həll edilib.
Bu yarışın keçirilməsində bizə dəstək verən dövlət qurumlarına və digər təşkilatlara minnətdarlığımızı bildiririk. Bu mötəbər tədbirin təşkil olunmasında Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Cüdo Federasiyası və Bakı Nəqliyyat Agentliyinə minnətdarlığımızı bildiririk. Tədbirin işıqlandırılması sahəsində bizə göstərdiyi dəstəyə görə İctimai Televiziya, ASAN Radio və Azərtac Dövlət İnformasiya agentliyinə, o cümlədən tədbirlərimizi işıqlandıran digər kütləvi informasiya vasitələrinə təşəkkürümüzü bildiririk”, - deyə İ.Rəhimov qeyd edib.

İ. Rəhimov həmçinin qeyd edib ki, yarışda iştirak etmək üçün bu günə qədər 29 ölkə müraciət edib. Ümumilikdə 228 idmançının iştirakı ilə bağlı ərizələr daxil olub. Biz yarışlarda 40-a yaxın ölkədən 350-yə yaxın idmançının iştirak edəcəyi proqnozlaşdırılır. Yarışlarda müxtəlif çəki dərəcələrində ölkəmizi 7 çəki dərəcəsində 13 kişi idmançı, 6 çəki dərəcəsində 11 qadın idmançı təmsil edəcək.
MPK prezidentinin sözlərinə görə, yarışlar üçün Bakıya gələn idmançılar və nümayəndə heyətləri "Baku Royal Garden” və "Days” otellərində qalacaqlar. Bakı Nəqliyyat Agentliyi idmançıların nəqliyyat məsələlərinin həll olunmasında MPK-ya dəstək olacaq.
MPK-nin prezidentinin sözlərinə görə, yarışların açılışı mərasimi də təntənəli olacaq. " Milli Paralimpiya Komitəsi möhtəşəm fləş-mob hazırlayır. Fləş-mobun hazırlanmasında biz könüllülərin, eyni zamanda fiziki məhdudiyyəti olan vətəndaşlarımızın xidmətlərindən də yararlanacağıq. Fləş-mobun keçirilməsində Əsa Teatrının yardımından da faydalanacağıq”.
İ.Rəhimov həmçinin qeyd edib ki, biz bu yarışlara tək idman yarışı deyil, həm də fiziki məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiya olunması istiqamətində mühüm iş kimi də baxırıq:
"Biz istəyirik ki, bu yarış paralimpiyaçılarımızın, ümumilikdə fiziki məhdudiyyəti olan vətəndaşlarımızın bayramına çevrilsin. Elə bu məqsədlə biz fiziki məhdudiyyəti olan şəxsləri də bu yarışın təşkilati işlərinə cəlb etmişik. Eyni zamanda Paralimpiyaçı Könüllülər Hərəkatının yaradılması istiqamətində işlərə başlamışıq. Yarışların açılış mərasimində və digər təşkilati işlərdə fiziki məhdudiyyəti olan şəxslərin də xidmətindən faydalanacağıq. Bu bir daha sübut edəcək ki, fiziki məhdudiyyətli şəxslər cəmiyyət həyatında tam şəkildə iştirak edə bilirlər”.
Yarış zamanı həmçinin, fiziki məhdudiyyəti olan şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmarkaları da təşkil ediləcəyini də MPK prezidenti vurğulayıb.
MPK prezidenti bildirib ki, yarış ilə bağlı rəssamlar arasında "Ruhun zəfəri” adlı plakat müsabiqəsi elan olunub ki, bu da tədbirin daha çox təbliğində bizə dəstək olacaq. Müsabiqə Rəssamlar İttifaqı ilə birgə təşkil olunur.
MPK prezidenti tamaşaçı məsələsinə də toxunub. Onun sözlərinə görə, tamaşaçıların yarışları izləməsi tamamilə pulsuz olacaq: "Biz bu yarışlar ilə bağlı bilet satışı nəzərdə tutmuruq”, - deyə o, qeyd edib.
İ.Rəhimov bildirib ki, Qran-Pri yarışına hazırlığı təftiş etmək üçün Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (İBSA) Cüdo üzrə idman direktoru Yanos Tardos Bakıda səfərdədir. İki günlük səfəri çərçivəsində Cənab Tardos yarışların keçiriləcəyi məkanı təftiş edib. Cənab Tardos, həmçinin idmançıların tibbi təsnifatının keçiriləcəyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində də olub. O, təsnifatın keçiriləcəyi yeri də təftiş edib.
Y.Tardoş isə dəvət üçün təşəkkürünü bildirərək deyib: "Bakı cüdo iştirakçıları ilə çox məşhurdur. Yüksək səviyyədə keçirilmiş tədbirlərlə paytaxtınız fəxr edə bilər. Keçən il ən yüksək səviyyədə keçirilmiş dünya çempionatını qeyd etmək istərdim. Nəzərə almaq lazımdır ki, bu, əlilliyi olan insanların idman növüdür. Cüdo ən tanınmış növlərdən biridir. Qaydalar, demək olar ki, cüdo idman növü ilə eynidir".
Qonaq Bakıda olduğu müddətdə Qran-prinin keçiriləcəyi Heydər Əliyev adına İdman-Konsert Kompleksindəki hazırlıq prosesi ilə tanış olub. Bundan əlavə, Y.Tardoş idmançıların tibbi təsnifatı üçün görülən işləri təftiş edib.