Yasamalda 5 MART-BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜNƏ qeyd olunub

Yasamalda 5 MART-BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜNƏ qeyd olunub


Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə martın 1-də 2019-cu il tarixdə, Azərbaycan Texniki Universitetinin İdman Sarayında 5 mart-Bədən tərbiyəsi və idman gününə həsr olunmuş festival keçirilmişdir.
Tədbirə marş sədaları altında Cəmşid Naxçıvanski adına hərbi liseyin müdavimlərinin müşayəti ilə Azərbaycan Respublikasının Dövlət Bayrağının meydana gətirilməsi ilə start verilmiş, daha sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə festival açıq elan edilmişdir. Təntənəli açılış mərasimindən sonra Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 4 mart 2005-ci il tarixli sərəncamı ilə 5 mart tarixi «Bədən tərbiyəsi və idman günü» təsis edilmişdir. Bu günün təsis edilməsi ölkə başçısının idmana və idmançılara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Respublikamızın paytaxtı Bakı şəhərinin çoxsaylı mötəbər turnirlərə ev sahibliyi etməsi, bunların sırasında I Avropa oyunları, Formula-1 Azərbaycan Qran-Prisi, 42-ci Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəylik Oyunları xüsusi olaraq qeyd edilmişdir. Ölkəmiz qeyd edilən yarışları yüksək səviyyədə təşkil etməklə dünya idman tarixində silinməz iz qoymuş, idman aləmində özünəməxsus yer almışdır. Qeyd edilmişdir ki, ötən dövr ərzində rayon yeniyetmə və gəncləri arasında bədən tərbiyəsi və idmanın təbliği və inkişafı istiqamətində xeyli işlər görülmüş, onların fiziki sağlamlıqlarının möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə idmanın ayrı-ayrı növləri üzrə bir çox turnirlər keçirilmişdir.
Festivalın rəsmi hissəsi bitdikdən sonra, idmanın kapoeyra və uşu növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirilmişdir. Sonra proqrama müvafiq olaraq, populyar müğənnilərin ifasında musiqi proqramı təqdim edilmişdir.
Festivalda Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev və Millət vəkili Elşad Həsənov iştirak etmişlər.
Festivalda Olimpiya çempionu Zemfira Meftaxetdinova, yunan-Roma güləşi üzrə I Avropa Oyunlarının qalibi, dünya və Avropa çempionatlarinin mükafatçısı Elvin Mürsəliyev, pouerliftinq üzrə 4 qat dünya, 7 qat Avropa çempionu, dünya rekordçusu Vüqar Namazov, kikboksinq üzrə 23 qat dünya çempionu, əməkdar məşqçi Eduard Məmmədov və digər tanınmış idmançılar iştirak etmişlər.
Tədbirdə bir qrup məşqçi və idmançı 5 mart-Bədən tərbiyəsi və idman gününə münasibətilə, yeniyetmə və gənclər arasında idmanın təbliğində göstərdiyi səmərəli fəaliyyətinə, habelə idmanda əldə etdiyi yüksək nailiyyətlərə görə Yasamal rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı ilə təltif edilmişdir.