
"Qalatasaray"la yeni 5 illik müqavilə imzalayan Fatih Terimin 2024-cü ildən sonra məşqçilik karyerasına son qoyacaq.
Artıq "İmperator"un gələcəklə bağlı plandı da bəllidir. "Takvim" qəzetinin iddiasına görə, Terim 2024-cü ildə keçiriləcək klub seçkilərində prezidentliyə namizəd olacaq.
Hər şey planlaşdırıldığı kimi getsə, mütəxəssis 70 yaşında "Qalatasaray"ın prezidenti olaraq ən böyük arzusunu reallaşdıracaq. "Sarı-qırmızılı" azarkeşlər də onu klub prezidenti kimi görmək istəyir.
Qeyd edək ki, Fatih Terim "Qalatasaray"a 1974-cü ildə "Altay"dan transfer olunub və karyerasının sonunadək - 1985-ci ilə qədər "sarı-qırmızılı" formanı geyinib. Bu müddətdə 3 dəfə Türkiyə çempionu, 1 dəfə ölkə kubokunun qalibi olub.