Azərbaycanın nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyalarının növbədənkənar Baş Assambleyasında iştirak etmişdir

Azərbaycanın nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyalarının növbədənkənar Baş Assambleyasında iştirak etmişdir

İsveçrənin Lozanna şəhərində Milli Olimpiya Komitələri Assosiasiyalarının (MOKA) növbədənkənar Baş Assambleyası keçirilmişdir.
İclasda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirak etmişlər.
Assambleya çərçivəsində MOKA-nın Nizamnaməsində dəyişiklik edilmiş və əlavələr qəbul olunmuşdur.
Assambleya zamanı, 2020-ci il Yay Olimpiya Oyunlarını qəbul etmək üçün mübarizə aparan Tokio, İstanbul və Madrid, 2014-cü il Qış Olimpiya Oyunlarını təşkil edəcək Soçi, 2014-cü ildə gənclərin II Olimpiya Oyunlarını keçirəcək Nanjing, 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarının ev sahibi olacaq Rio-de-Janeyro, 2018-ci ildə XXIII Qış Olimpiya Oyunlarını keçirəcək Pyeongchang və 2016-cı ildə gənclərin II Olimpiya Qış Festivalına ev sahibliyi edəcək Lillehammer şəhərlərinin təşkilat komitələri təqdimatla çıxış etmişlər.
Tədbir zamanı MOKA-nın yeni inzibati binasının açılışı olmuşdur.
MOKA-nın nizamnaməsinə edilən əlavələr sırasında qadınların dünya idman ictimaiyyətində rolunu artırmaq məqsədilə hər qitədən bir nəfər xanım nümayəndə olmaq şərti ilə beş qitəni təmsil edən xanım nümayəndələrin tədbirdə iştirakı nəzərdə tutulmuşdur. Avropa qitəsini təmsil etmək şərəfi Avropa Olimpiya Komitəsinin prezidenti tərəfindən həmin komitənin "İdmanda qadın və bərabərlik” komissiyasının üzvü Könül Nurullayevaya verilmişdir.