Diaspor təşkilatları paralimpiyaçılarımıza dəstək olacaqlar

Diaspor təşkilatları paralimpiyaçılarımıza dəstək olacaqlar

Azərbaycan Milli Paralimpiya Komitəsində (MPK) Azərbaycanın Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Vüqar Məmmədovla görüş baş tutub.
Görüşdə komitənin birinci vitse-prezidenti Natiq Qasımov, baş katib Kamal Məmmədov, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Cavid Mikayılov və İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Teymur Hacıyev iştirak edib.
Birinci vitse-prezident Natiq Qasımov qonağa komitənin fəaliyyəti barədə məlumat verərək idmançılarımızın tez-tez beynəlxalq yarışlarda iştirak etdiyini qeyd edib. Beynəlxalq yarışlar zamanı xaricdə yaşayan soydaşlarımızın da idmançılarımıza azarkeş olaraq dəstək olmasının vacibliyini vurğulayıb. O, qeyd edib ki, MPK bu məqsədlə DİDK ilə birgə fəaliyyət göstərməklə Diaspor təşkilatlarına Azərbaycanda paralimpiya hərəkatı və beynəlxalq səviyyədə fəaliyyəti, eyni zamanda paralimpiyaçıların iştirak etdikləri beynəlxalq yarışlar barədə məlumatların çatdırılması çox önəmli olardı.
DİDK rəsmisi Vüqar Məmmədov təmsil etdiyi qurumun dünya ölkələrində yaşayan soydaşlarımızı əlaqələndirdiyini bildirib. O qeyd edib ki, MPK-nın təklifini müzakirə etməyə və bu istiqamətdə idmançılara dəstək göstərməyə hazırdırlar. O, Diasporla İş üzrə Dövlət Komitəsi ilə Milli Paralimpiya Komitəsi arasında əməkdaşlığın qarşılıqlı fayda verəcəyini bildirib.