Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb. Güləşçilərimizdən Məhəmmədəli Əliyev (58 kq) və Nurməhəmməd Hacıyev (85 kq) finalda türkiyəli rəqiblərini məğlub edərək Avropa çempionu adını qazanıblar. 69 kq-da yarışan güləşçimiz Abdulmuslim Muxuddinov həlledici mərhələdə erməni güləşçisi üzərində qələbə qazanaraq qızıl medala sahib çıxıb. Bürünc medalı isə komandamıza 50 kq çəki dərəcəsində çıxış edən Mahir Əmiraslanov qazandırıb.
Çempionatın ikinci günündə Fazil Həsənov (46 kq), Vurğun Əliyev (54 kq), Teymur Məmmədov (63 kq), Şamil Sadullayev (76 kq) və İqbal Hacızadə (100 kq) döşək üzərinə çıxıblar. 63 kq çəkidə güləşən pəhləvanımız Teymur Məmmədov bütün rəqiblərini üstələyərək Avropa çempionu adına layiq görülüb. Fazil Həsənov (46 kq), Vurğun Əliyev (54 kq) və Şamil Sadullayev (76 kq) çempionatı bürünc medalla başa vurublar.
Ümumilikdə 4 qızıl və 4 bürünc medal qazanan yeniyetmə sərbəst güləşçilərimiz ümumi komanda hesabında Avropa çempionu olublar.