Ötən gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmalarına start verildi. Mərhələnin gözlənilməz hesabı "Santyaqo Bernabeu” stadionunda qeydə alınıb. Belə ki, İspaniyanın "Real Madrid" klubu doğma azarkeşlər önündə Hollandiyanın "Ayaks" komandasını qəbul edib. Öz meydanında 2:1 hesabı ilə məğlub olan hollandiyalılar ilk dəqiqlərdən rəqibin qapısı qarşısında bir neçə təhlükəli qol vəziyyəti yaradıb. Matçın 7-ci dəqiqəsində "Ayaks" hesabı açıb. Həkim Zireç Dusan Tadiçin ötürməsini dəqiq zərbə ilə yekunlaşdırıb - 0:1. Qoldan 11 dəqiqə sonra hollandiyalılar David Neresin sayəsində hesab arasındaki fərqi iki topa çatdırıb - 0:2. Fasiləyə qədər Madrid təmsilçisinin səylərinə baxmayaraq hesab dəyişməyib.
Matçın ikinci hissəsində əks hücumlara bel bağlayan "Ayaks" üçüncü qolu vurmağa nail olub. Dusan Tadiç uzaq doqquzluğu dəqiq nişan alaraq adını tabloya yazdırıb - 0:3.
Matçın 70-ci dəqiqəsində hücumların kəsərin artıran "Real Madrid" qollardan birinin əvəzini çıxıb. Marko Asensio uzaq məsafədən baxımlı qola imza atıb - 1:3.
Bu da oyunda son qol olmayıb. Qarşılaşmada son nöqtəni Lasse Şöne qoyub. Danimarkalı yarımmüdafiəçisi cərimə zərbəsində birbaşa qapıya dəqiq zərbə vurub - 1:4. Qarşılaşmanın 90-cı dəqiqəsində "Real Madrid" klubunun müdafiəçisi Naço Fernandez qırmızı vərəqə alaraq meydandan qovulub.
Qalan dəqiqələrdə qapısını toxunulmaz saxlayan Amsterdam təmsilçisi hesabı qoruyub saxlayıb. Beləliklə, iki oyunun nəticəsinə əsasən (5:3) "Ayaks" növbəti mərhələyə vəsiqə qazanıb.
Çempionlar Liqası, 1/8 final
6 mart
00:00. "Real" - "Ayaks" - 1:4
Qollar: H. Ziyeç, 7 (0:1), Neres, 18 (0:2), D. Tadiç, 62 (0:3), M. Asensio, 70 (1:3), L. Şöne, 72 (1:4)
Baş hakim: Feliks Brix (Almaniya)
İlk oyun - 2:1