“Neftçi” İSM-in idman xronikası

“Neftçi” İSM-in idman xronikası

Boks
Rusiyanın Temryuk şəhərində keçirilən Sovet İttifaqı Qəhrəmanı D.P.Qorişnevin xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirə yekun vurulub. Turnirdə ölkəmizin idman şərəfini "Neftçi” İdman-Sağlamlıq Mərkəzinin dəri əlcək ustaları layiqincə qoruyublar. Böyük əzmkarlıq nümayiş etdirən boksçularımızdan 4-ü yarışın qızıl medalını qazanıb. Əmir İlyasov (38,5 kq), Seyidrza Sadıqzadə (45 kq), Babək Xankişizadə (48 kq) və Kənan İsmayılov (59 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Cüdo
"Sərhədçi” Olimpiya İdman Mərkəzində 23 yaşına qədər gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilib.
"Neftçi” İSM-in gənc cüdoçuları ölkə birinciliyində uğurla çıxış edərək, 15 medala (6 qızıl, 5 gümüş, 4 bürünc) yiyələniblər. Onlardan oğlanların yarışında Oruc Vəlizadə (60 kq), Orxan Hacıağalı (66 kq), Əbdülhəqq Rəsullu (81 kq), Cəlil Şükürov (100 kq), qızlar arasında isə Nuriyyə Axundova (63 kq) və Nərminə Əlizadə (+78 kq) bütün rəqiblərini üstələyərək respublika çempionu adını qazanıblar.
Qeyd edək ki, "Neftçi” İSM ümumkomanda hesabında 1-ci yeri tutub.



Akrobatika
Yeniyetmələr və gənclər arasında keçirilən akrobatika gimnastikası üzrə respublika birinciliyi başa çatıb. "Neftçi” İdman-Sağlamlıq Mərkəzinin akrobatları birinciliyin 6 medalına sahib çıxıblar. Gənclər arasında Elçin Əlibəyov və Emin Gülməmmədlidən ibarət kişi cütlüyü qalib olub. Yeniyetmələrdən (12-18 yaş) Nil Nalbantoğlu, Nar Nalbantoğlu və Ceyla Zakiryayevadan ibarət qadın qrupu 1-ci, Cəmilə İbrahimli - Əzizə Quliyeva cütlüyü 2-ci, Şöləxanım Zeynallı - Ayşən Salamova cütlüyü isə 3-cü yerə çıxıb. 11-16 yaşlı yeniyetmələr arasında Cavidan Nəsib - Adil Hacızadə kişi cütlüyü və Nikita Trarov - Jalə Abbasovadan ibarət qarışıq cütlük ölkə çempionluğuna yüksəliblər.

Paralimpiya
İsveçrənin Lozanna şəhərində para-taekvondo üzrə dördüncü dünya çempionatı keçirilib. On beş idmançı ilə yarışa qatılan milli komandamız vətənə 12 medalla dönüb. Sevindirici haldır ki, 26 ölkədən 91 idmançının qüvvəsini sınadığı yarışda yığmamızın əldə etdiyi 12 medaldan 11-i "Neftçi” İSM-in təmsilçilərinə məxsusdur. Mərkəzin yetirmələrin dən Vüsal İsmayılov (+80 kq) və Röyalə Fətəliyeva (49 kq) dünya çempionu titulunu qazanıblar. Anar Hüseynov (A-5, 68 kq), Bahar Şıxəliyeva (A-8, 49 kq), Cahangir Bayramov (A-8, +80 kq), Rövşən Qəhrəmanlı (A-8, 58 kq) və Əbülfəz Abuzərli (A-8, 58 kq) yalnız finalda məğlub olaraq gümüş medala layiq görülüblər. Digər idmançılarımız Emin Nüsrəddinov (A-6, 80 kq), Aleksandr Polişuk (A-6, 80 kq), Rövşən Rzayev və Vüqar Adışirinov (A-8, +80 kq) isə fəxri kürsünün 3-cü pilləsi ilə kifayətləniblər.

"Neftçi” İSM-in mətbuat xidməti