Astarada idmançılarla görüş keçirilib

Astarada idmançılarla görüş keçirilib

Bakıda keçirilən boks üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyində uğur qazanmış idmançılarla Astara Rayon İcra Hakimiyyətində görüş keçirilib. Turnirdə rayonu təmsil edən Astara Boks Mərkəzinin yetirmələri - Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbin şagirdi Zaur Qəhrəmanov 48, Ərçivan qəsəbə 2 nömrəli tam orta məktəbin şagirdi Səyədulla Nəsirov 66 kiloqram çəki dərəcələrində birinci, Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbin şagirdi Mirzağa Hüseynli isə 46 kiloqram çəki dərəcəsində üçüncü yerləri tutublar.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev tədbirdə çıxış edərək Azərbaycan birinciliyində yüksək nailiyyətlər qazanmış idmançıları və məşqçi Nurlan Məmmədovu təbrik edərək onlara yeni qələbələr arzulayıb. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən danışan Q.Ağayev Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurları Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirib.
Azərbaycan birinciliyində qızıl medal qazanmış Zaur Qəhrəmanov və Səyədulla Nəsirov, bürünc medalın sahibi Mirzağa Hüseynli, Astara Boks Mərkəzinin direktoru Tofiq Salmanov ölkəmizdə idmanın inkişafına göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. Onlar yeni uğurlara imza atmaqla rayonun və ölkəmizin idman şərəfini həmişə uca tutmağa çalışacaqlarını bildiriblər.