Naxçıvanın idman xronikası

Naxçıvanın idman xronikası

Idman, Azərbaycanımızın hər yerində olduğu kimi, Naxçıvanda da böyük sürətlə inkişaf edir. Bu qədim torpaqda idmanla məşğul olanların sayı olduqca çoxdur. Muxtar respublika ərazisində yerləşən müasir standartlara cavab verən idman kompleksləri, stadionlar, idman ocaqları burada idmana göstərilən böyük qayğının və diqqətin nümunəsdir. Naxçıvanda çox sayda idman tədbirlərinin keçirilməsi həm də gənc nəslin idmana olan marağını artırır, onları sağlam həyat tərzində yaşamağa səsləyir. Təkcə bu ilin may ayında Naxçıvanda müxtəlif yarışlar, idman tədbirlərinin keçirilməsi burada idmana göstərilən diqqətin bəhrəsidir.

Güləş
Mayın 4-5-də Naxçıvan Olimpiya İdman Kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı yunan-Roma güləşi üzrə gənclər arasında (1993-1995-ci il) "Naxçıvan kuboku” uğrunda ənənəvi beynəlxalq turnir keçirilib.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan, Şərur, Özbəkistan və Rusiya komandaları "A” yarımqrupunda, Naxçıvan, Ukrayna, Gürcüstan və Türkiyə komandaları isə "B” yarımqrupunda güclərini sınayıblar. Mayın 4-də yarımqrup üzrə görüşlər keçirilib. Öz yarımqruplarında birinci olan Azərbaycan və Naxçıvan komandaları həlledici mərhələdə qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən yarışda Naxçıvan komandası fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Azərbaycan komandası ikinci, Gürcüstan yığması isə üçüncü yeri tutub.

*  * *
Mayın 17-dən 21-dək yeniyetmələr arasında keçirilən sərbəst güləş üzrə Azərbaycan birinciliyində 63 kq çəkidə yeniyetmə güləşçi Təbriz Məmmədov da mübarizəyə qoşulub. İslam Hümbətov adına Naxçıvan şəhər Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi olan güləşçi Azərbaycan birinciliyinə uğurlu başlayıb. Təmsilçimiz ilk görüşündə qələbə qazanaraq növbəti mərhələyə keçib. Növbəti mərhələni də üstünlüklə başa vuran Təbriz Məmmədov birinciliyin finalına vəsiqə qazanıb. İdmançımızın final görüşü daha gərgin və maraqlı keçib. Birinci hissədə Təbriz Məmmədov inamlı təsir bağışlayıb. Təəssüf ki, o, həlledici dəqiqələrdə təcrübəli rəqibinə məğlub olub. Bununla da Təbriz Məmmədov gümüş medala sahib çıxıb. Fəxri yeri tutan idmançıya diplom, medal və qiymətli hədiyyə verilib.

Cüdo
Şərur rayonunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə keçirilən cüdo üzrə rayon birinciliyinə 7 çəki dərəcəsində 40-a yaxın idmançı qatılıb. Yarışda qələbə uğrunda səylə mübarizə aparan Lətif Abbasov, Pərviz Şükürov, Elşad Əliyev, Mərdan Mərdanlı, Anar İsmayılov, Ramin Qasımov və İsa Rzayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qalib idmançılara Şərur rayon Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin diplomları və qiymətli hədiyyələri verilib.

Boks
Mayın 13-dən 14-dək Naxçıvan şəhərindəki Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə boks üzrə Muxtar Respublika turniri keçirilib. Turnirdə 12 çəki dədrəcəsində 150-ə yaxın dəri əlcək sahibi iştirak edib. Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan MR Boks Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə komanda hesabında Naxçıvan şəhər komandası birinci olub. Sədərək və Şərur rayonlarının boksçuları isə ikinci və üçüncü yerləri bölüşüblər.

Futbol
Ordubad rayonunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə təşkil edilən futbol üzrə rayon birinciliyində 3 zonada 18 komanda iştirak edib. Yarışda Dəstə kəndindəki 1 nömrəli tam orta məktəbin komandası qələbə qazanıb. Ordubad internat məktəbi ilə Unus kənd tam orta məktəbin komandası isə ikinci və üçüncü yerləri bölüşüblər. Fəxri yerləri tutan idmançılar Ordubad rayon Gənclər və İdman İdarəsi və təhsil şöbəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif ediliblər.

Üzgüçülük
Mayın 5-dən 8-dək Mingəçevir şəhərindəki "Kür” Olimpiya Tədris İdman Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə keçirilən üzgüçülük üzrə beynəlxalq turnirdə Muxtar Respublikanın idmançısı Şahin Qubadov da mübarizəyə qoşulub. Dəfələrlə ölkə və Muxtar Respublika miqyaslı yarışların mükafatçısı olan yeniyetmə üzgüçü bu yarışda da fərqlənib. Belə ki, turnirdə 50 metr məsafəyə üzgüçülüyün brass növü üzrə yarışan Şahin Qubadov üçüncü yerə layiq görülüb.

Voleybol
Mayın 1-dən 9- dək ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə voleybol üzrə Culfa rayon birinciliyi keçirilib. 20 komandanın yarışdığı birincilikdə Culfa rayon Polis Şöbəsinin komandası ən yüksək nəticəni göstərib. 2-ci və 3-cü yerlərə isə Bənəniyar və Əbrəqunus kəndlərinin komandaları layiq görülüblər. Qalib komandalara Culfa rayon Gənclər və İdman İdarəsi və Polis Şöbəsinin kubok və qiymətli hədiyyələri təqdim olunub.

Tennis
Mayın 7-də Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə stolüstü tennis üzrə birincilik keçirilib. 14 komandanın iştirak etdiyi birincilikdə Naxçıvan şəhərindəki 15 nömrəli tam orta məktəbin komandası qələbə qazanıb. 3 və 14 nömrəli tam orta məktəblərin komandaları isə ikinci və üçüncü yerləri bölüşüblər. Fəxri yerləri tutan komandalara Naxçıvan şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Heydər Əliyev Uşaq - Gənclər Yaradıcılıq Mərkəzinin diplomları təqdim olunub.

Karete do
Mayın 6-dan 7-dək Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə karate Do üzrə Muxtar Respublika çempionatı keçirilib. Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan MR Karate Do Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 200 idmançı mübarizə aparıb. Yarışın açılış mərasimində Naxçıvan MR Gənclər və İdman naziri Azad Cabbarov və Naxçıvan MR Karate Do Federasiyasının sədri Vəli Ələsgərov iştirak edib. Çempionatı Naxçıvan MR Karate Do Federasiyasının sədri Vəli Ələsgərov açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış mərasimində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. Sonra bədii hissə olub. Yarışda komanda hesabında Naxçıvan şəhər komandası birinci yeri tutub. Bakı şəhər və Ordubad rayon idmançıları isə ikinci və üçüncü yerlərə layiq görülüblər. Qalib komanda və idmançılara kubok, diplomlar, medallar və qiymətli hədiyyələr verilib.

*  *  *
Mayın 19-dan 20-dək Bakı şəhərində Çoxmübarizəli İdman Döyüş Növləri üzrə Federasiyasının kuboku uğrunda yarış keçirilib. Yarışda Naxçıvan MR Karate Do Federasiyasının yetirməsi Murad Ələkbərov da iştirak edib. 10-11 yaş qrupunda 40 kiloqram çəkidə mübarizə aparan idmançımız finala qədər rəqiblərini məğlub edib. Lakin finalda bu üstünlüyü əldən verən Murad Ələkbərov yarışda ikinci yerlə kifayətlənməli olub. Fəxri yeri tutan təmsilçimiz diplomla təltif edilib.

Qol güləşi
Mayın 29-da İlham Əliyev adına Naxçıvan şəhər Olimpiya İdman Kompleksində 28 May Respublika Gününə həsr olunmuş qol güləşi üzrə Muxtar Respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən birincilikdə 9 çəki dərəcəsində 60 idmançı öz qolunun gücünü sınayıb. Gərgin mübarizədən sonra qaliblər müəyyənləşdirilib. Fəxri yerləri tutan idmançılara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları və qiymətli hədiyyələri verilib.


Çoxnövçülük
İsmayıllı rayonunda çağırış yaşına qədərki gənclər arasında yaz çağırışına həsr olunmuş "Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika çempionatında 16 komanda iştirak edib. Yarış gənclərdə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin möhkəmləndirilməsi, çağırış və çağırış yaşına qədərki gənclərin hərbi hazırlığının gücləndirilməsi, onların ordu sıralarında xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi, idman oyunlarının keyfiyyət və kütləviliyinin artırılması məqsədilə təşkil olunub. İştirakçılar 100 metr məsafəyə qaçış, turnikdə dartınma, 2000 metr məsafəyə kross qaçışı və qumbaraatma növləri üzrə mübarizə aparıblar. Naxçıvan Muxtar Respublikasını təmsil edən Ordubad rayon komandası 760 xalla ikinci yerə layiq görülüb. Fəxri yeri tutmuş komanda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kubok və diplomları ilə təltif edilib.

Budo
Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən budo döyüş növləri üzrə dünya çempionatı başa çatıb. Çempionata milli komandamızın tərkibində Muxtar Respublikamızın idmançısı Həsən Əliyev də qatılıb. Yarışın sonuncu günü həmyerlimiz 90+ kiloqram çəkidə birincilik uğrunda mübarizə aparıb. Finalda Həsən Əliyevin rəqibi iranlı idmançı olub. Daha yaxşı döyüş nümayiş etdirən təmsilçimiz rəqibi üzərində tam üstünlüklə qələbə qazanıb. Dünya çempionu Həsən Əliyev yarışın ən güclü idmançısı adına da layiq görülüb. Bu yarışın nəticəsinə görə beynəlxalq dərəcəli idman ustası normasını dolduraraq seritifikat alan idmançımız eyni zamanda diplom və medalla mükafatlandırılıb.
Jalə Rzabəyli