Xaçmaz Olimpiya İdman Kompleksində Yeniyetmələrin XII Respublika oyunlarının proqramına daxil olan atletika üzrə zona yarışlarına start verilib. 2006-2007-ci il təvəllüdlü oğlanlar və qızlar arasında keçirilən yarışların zona mərhələsində 12 komandanın tərkibində 170-ə yaxın idmançı mübarizə aparır.
Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Sumqayıt, Abşeron, Qubadlı, Zəngilan, Şuşa, Laçın kollektivlərinin mübarizə apardığı birincilik Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə reallaşıb.
İki gün davam edəcək yarışda atletlər 60 və 300 metrə qaçış, uzunluğa tullanma, top atma və estafet mərhələlərində mübarizə aparır. Hər bir komanda 7 oğlan və 7 qızdan ibarətdir. Zona mərhələsində qalib gələn iki komanda finala vəsiqə qazanacaq. Birincilik 5 zona üzrə təşkil edilir.
Birinciliyin final mərhələsi aprel ayında Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunacaq.