Kişi hokkeyçilərimiz də İtaliyaya getdilər

Kişi hokkeyçilərimiz də İtaliyaya getdilər

Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət milli komandası bu il avqustun 5-dən 11-dək Avstriyanın paytaxtı Vyana şəhərində Avropa çempionatında mübarizə aparacaq. 2011-ci ildə İtaliyanın Kataniya şəhərində keçirilən qitə birinciliyində uğurlu çıxış edərək I yeri tutmaqla "Trofi” yarışlarına vəsiqə qazanan həmyerlilərimiz iki ildən bir təşkil olunan Avropa çempionatının debütündə də yüksək nəticə göstərmək istəyirlər. Xatırladaq ki, milli komandamızın əsasını təşkil edən "Atasport”-un bu ilin may ayında Çexiyanın paytaxtı Praqa şəhərində qitənin 8 ən güclü klubunun iştirakı ilə "Çelenc I” turnirinin qalibi olmaqla "Trofi” divizyonuna çıxması da hokkeyçilərimizin hazırda yaxşı idman formasında olmalarından xəbər verir. Yığmamız qarşıdakı Avropa çempionatına daha yaxşı hazırlaşmaq məqsədilə bir həftəlik təlim-məşq və yoxlama oyunları keçirmək üçün İtaliyaya yola düşüb. Milli komandamız Romada məşq etməklə yanaşı, iyunun 20, 22 və 23-də Vyanada digər qrupda çıxış edəcək italiyalılara qarşı 3 sınaq görüşü keçirəcək. Baş məşqçi Saleh Hüseynov və məşqçilər korpusu bu oyunlardan və gələn ayın əvvəllərində Polşada keçirilməsi planlaşdırılan təlim-məşq toplanışından sonra Avropa çempionatında mübarizə aparacaq optimal heyəti müəyyənləşdirəcək.
Qarşıdakı məsul yarışda millimizin "A” qrupundakı rəqibləri Fransa, Şotlandiya və Uels təmsilçiləri olacaq. "B” qrupuna daxil olan italiyalılar isə Rusiya, Ukrayna və Avstriya hokkeyçiləri ilə yarışacaqlar.