Əsaslı təmirdən sonra idman zallarına baxış keçirilib

Əsaslı təmirdən sonra idman zallarına baxış keçirilib


Martın 11-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) əsaslı təmirdən sonra basketbol, voleybol, həndbol, ağırlıqqaldırma və boks idman zallarına baxış keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov, ABŞ səfirliyinin və idman ictimaiyyətinin nümayəndələri, xarici ekspertlər iştirak ediblər. Tədbir iştirakçıları ADBTİA-da aparılan yenidənqurma və təmir işləri, elmi-tədris bazasının gücləndirilməsi haqqında ətraflı məlumat almış, təmirdən sonra istifadəyə verilən basketbol, voleybol, həndbol, ağırlıqqaldırma və boks idman zalları ilə yaxından tanış olublar. Qonaqlar basketbol və voleybol zallarında yığma komandaların, həndbol, ağırlıqqaldırma və boks zallarında isə ADBTİA-nın tələbələrinin nümunəvi çıxışlarını izləyiblər.
Tədbir iştirakçıları həmçinin Akademiyada tədrisi ingilis dilində aparılan "İdman jurnalistikası” və "İdman tibbi və reabilitasiya” magistr ixtisaslarının tədrisi üçün tikilən Multimedia Mərkəzi və Elmi-Tədris Laboratoriyası ilə da tanış olub, dərs prosesini izləyiblər.
Tədbir Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının basketbol zalında rəsmi hissə ilə başa çatıb. Rəsmi hissədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev qonaqları salamlayıb, daimi dəstəyə görə Gənclər və İdman Nazirliyinə və idmansevərlərə Akademiya adından minnətdarlığını bildirib. Sonra Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Heidi Smith, Carnegie Universitetinin nümayəndəsi Matt Newby və Basketbol üzrə milli komandanın üzvü Amil Həmzəyev çıxış ediblər.