“Atasport” yüksək dəstədə qala bildi

“Atasport” yüksək dəstədə qala bildi


Bu ilin mart ayında Avropa Çempionlar Kuboku uğrunda turnirdə uğursuz çıxış edərək 8 klub arasında 5-8-ci yerləri bölüşdürən qadın otüstü hokkeyçilərdən ibarət "Atasport” klubu az qala elitadakı yerini itirəcəkdi. Ancaq son illərdə Avropa Hokkey Federasiyasının kubok yarışlarının keçirilməsində xal sistemini tətbiq etməsi klubumuzun köməyinə gəlib. Bu yaxınlarda Belçikada qitəmiqyaslı "Trofi” yarışları başa çatdıqdan sonra Avropa klublarının yeni reytinq cədvəli dərc olunub. Həmin siyahıda "Atasport” klubu 15,250 xalla qitənin 8 ən güclüsü sırasındakı yerini mühafizə edə bilib. Maraqlıdır ki, xanım hokkeyçilərimizi Belarus təmsilçilərindən cəmi 0,250 xal ayırıb. Siyahıya 56,875 xal toplayan Hollandiya klubları başçılıq edir. Aktivində 29,000 xalı olan almaniyalılar II, ingiltərəlilər isə 23,500 xalla 3-cü yeri tuturlar. Beləliklə, "Atasport” klubu gələn il Avropa Çempionlar Liqası turnirində yüksək dəstədə yarışmaq hüququnu özündə saxlaya bilib. Xatırladaq ki, 2004-cü ildə qadın otüstü hokkeyçilərdən ibarət "Atasport” klubu baş məşqçi Adil Paşayevin rəhbərliyi altında qitənin 8 ən güclüsü sırasında yarışmaq hüququ qazanıb və elə debüt mövsümündə finala çıxmaqla gümüş mükafata layiq görülüb.