Futbol üzrə Türkiyə Superliqasının XXV turunun yekun oyunu keçirilib. "Qalatasaray” doğma meydanda "Antalyaspor”u qəbul edib.
"Türk Telekom” stadionunda baş tutan görüş meydan sahiblərinin ardıcıl hücumları ilə yada qalıb. Görüşün 17-ci dəqiqəsində "Qalatasaray”ın hücumçusu Sofiane Fequli hesabı açıb. Birinci hissə bu hesabla bitib.
İkinci hissənin 65-ci dəqiqəsində Henri Onyekurunun qolu ilə hesab arasındakı fərq artıb. Badou Ndiaye 68-ci dəqiqədə qonaqları bir daha mərkəzdən başlamağa məcbur edib. Henri Onyekuru 78-ci dəqiqədə özünün ikinci komandasının dördüncü qolunu vurub. Görüşün son qolunu Mbaye Diaqne 90-cı dəqiqədə vurub. Bu, oyunda vurulan son qol olub.
Beləliklə, "Qalatasaray” doğma meydanda "Antalyaspor”u 5:0 hesabı ilə məğlub edib. Bu qələbə sayəsinə İstanbul təmsilçisi xallarının sayını 49-a çatdırıb. Bu xalla komanda "Başakşəhər"dən 8 xal geri qalaraq 2-ci pillədə qərarlaşıb.
