Bakıda Olimpiya Qaçış Günü keçiriləcək

Bakıda Olimpiya Qaçış Günü keçiriləcək

Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi (MOK) Beynəlxalq Olimpiya Qaçış Günü münasibətilə «Coca-Cola» şirkəti ilə birgə tədbir keçirir. Tədbirdə kütləvi qaçış və bədii-əyləncəli idman proqramı nümayiş etdiriləcək.
Tədbirlə bağlı qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) əsas məqsədlərindən biri də bütün dünyada idmanın və sağlamlığın təbliğ olunmasıdir. Beynəlxalq Qaçış günü məhz bu məqsədə nail olmaq üçün həyata keçirilir.
Xatırladaq ki, bu kütləvi tədbir ilk dəfə 1894-cü il iyunun 23-də müasir olimpizmin banisi fransız Pyer de Kuberten tərəfindən BOK-un təsis edilməsi münasibətilə təşkil edilib. Dünyanın bir sıra ölkələrində 1987-ci ildən etibarən təşkil edilməyə başlanan Olimpiya Qaçış Günü Azərbaycanda ilk dəfə 1996-cı ildə keçirilib. Bu tədbirin təşkili ölkəmizdə artıq ənənə halını almışdır. Son vaxtlar Olimpiya Qaçış Günü paytaxt Bakıdan başqa, Gəncə şəhərində də keçirilir.

Hörmətli idman həvəskarları!
Sizi ailə üzvlərinizlə birlikdə 23 iyun 09:00-da Dənizkənarı Bulvarda (Kukla teatrının arxası) keçirələcək bu maraqlı və əyləncəli tədbirdə iştirak etməyə dəvət edirik.


MOK-un mətbuat xidməti