Bakıda idman gimnastikası üzrə Dünya kuboku yarışlarına start verilib

Bakıda idman gimnastikası üzrə Dünya kuboku yarışlarına start verilib


Bu gün Bakıda idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Dünya kuboku yarışlarına start verilib. Milli Gimnastika Arenasında keçirilən yarışlarda dünyanın 41 ölkəsindən kişi və qadın gimnastlar medallar uğrunda mübarizə aparırlar. Bakıya gələn gimnastlar arasında xeyli sayda Olimpiya mükafatçısı, dünya və Avropa çempionatının medalçıları iştirak edirlər.
Dörd gün ərzində keçiriləcək yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.
Ölkəmizi bu yarışlarda Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova təmsil edirlər.
Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy” kuboku da təqdim olunacaq.
Məlumat üçün bildirək ki, bu ilin fevral ayında batut və tampilinq üzrə Dunya kuboku yarışları keçirilib.
Aprel ayında isə Bakı bədii gimnastika üzrə FİG Dünya kubok yarışlarına ev sahibliyi edəcək. Ardınca may ayında bədii gimnastika 35-ci, aerobika üzrə üzrə isə 11-ci Avropa çempionatı təşkil ediləcək. Sentyabr ayında bədii gimnastlar 37-ci dünya çempionatında yarışacaqlar. Bundan başqa, gimnastlarımız bu il Azərbaycanda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında mübarizə aparacaqlar.