Soçi-2014: “Şimal soyuğu”nun Olimpiya hərarəti

Soçi-2014: “Şimal soyuğu”nun Olimpiya hərarəti

Qarşıdan XXII Qış Olimpiya Oyunları gəlir. 2014-cü ildə Rusiyanın Soçi şəhərində təşkil ediləcək XXII Qış Olimpiya Oyunlarına az vaxt qalır. Qonşu Rusiya Olimpiya oyunlarına ikinci dəfədir ki, ev sahibliyi edir. Məlumdur ki, XXII Yay Olimpiya Oyunları 1980-ci ildə Moskvada təşkil edilmişdi. Maraqlıdır ki, hər iki olimpiadanın sayca nömrəsi XXII və yaxud 22-dir.
Ötən il AOK-un 40-cı Baş Assambleyasına ev sahibliyi edən Soçi şəhəri 2014-cü ildə XXII Qış Olimpiya Oyunlarının iştirakçılarını və qonaqlarını qəbul edəcək. Məşhur turizm mərkəzi fevralın 7-dən 23-nə kimi dörd ildən bir təşkil edilən möhtəşəm idman bayramının ev sahibi olacaq. Qeyd edək ki, Soçi şəhəri XXII Qış Olimpiya Oyunlarının paytaxtı olmaq hüququnu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 2007-ci ilin iyulunda Qvatemalada keçirilən 119-cu sessiyasında əldə edib. Vankuver-2010 Qış Olimpiadasından sonra BOK-un prezidenti Jak Roqq Olimpiya bayrağını Soçi şəhərinin meri Anatoli Paxomova təhvil verib.
Qeyd edək ki, yarışlar, əsasən, Olimpiya parkında və "Krasnaya Polyana”da keçiriləcək. XXII Qış Olimpiya Oyunlarında idmançılar 15 idman növü üzrə 84 dəst medal uğrunda yarışacaqlar. Maraqlıdır ki, Rusiyanın möhtəşəm idman tərbirinə ev sahibliyi etməsi onun digər irimiqyaslı idman tədbirlərini də qəbul etməsinə imkan verir. Təsadüfi deyil ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin və "Formula-1”in prezidenti Berni Ekklstoun 2014-2020-ci illərdə "Formula-1”in mərhələ yarışlarının XXII Qış Olimpiya Oyunlarının paytaxtı Soçi şəhərində keçirilməsi barədə razılığa gəliblər və bu barədə müqavilə imzalanıb. Məlumdur ki, "Formula-1”in milli Qran-pri yarışları ölkəyə orta hesabla 100, 200 min turist cəlb edir. Yarışlar uğurlu keçdiyi təqdirdə, tərəflər arasında müqavilənin 5 il müddətə uzadılacağı gözlənilir. Müqaviləyə görə, "Formula-1” üzrə ilk yarış 2014-cü ilin payızında Soçidə, Olimpiya parkında keçiriləcək. Lakin əvvəlcə müqavilənin Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə razılaşdırılmalıdır. Mərhələ yarışlarının təşkili üçün Soçidə böyük avtodromun inşa edilməsi vacibdir. Hesablamalara görə, avtodromun tikintisi Rusiyaya 200 milyon dollara başa gələcək.
Təşkilat Komitəsi Krımda yerləşən kurort şəhərinin 2014-cü ildə XXII Qış Olimpiya Oyunlarına və "Formula-1” yarışları çərçivəsində Soçi Qran-prisinə uğurla ev sahibliyi edəcəyinə inanır. Qeyd edək ki, Qran-pri yarışlarının Soçi-2014 Olimpiadasından sonra keçirilməsi planlaşdırılır. Soçi şəhərinin meri Anatoli Paxomov iki möhtəşəm tədbirin eyni ildə təşkili ilə bağlı heç bir problem və gecikmənin olmayacağını bildirib. "Hər şey əvvəlcədən hazırlanmış plan üzrə gedir. Soçi Qran-prisi 2014-cü ildə təşkil ediləcək. İki irimiqyaslı və möhtəşəm tədbirin təşkili məsələləri diqqətlə nəzərdən keçirilib. Hər şey dərindən hesablanıb. Hər iki yarış üçün obyektlərin inşası vahid layihə əsasında aparılır. Qran-pri yarışlarının 2015-ci ilə keçirilməsinə heç bir lüzum yoxdur”, - deyə Soçi şəhərinin meri söyləyib.


XXII Olimpiadanın talismanları
XXII Qış Olimpiya Oyunlarının talismanları əvvəlcə 11 variantda -dovşan, delfin, ağ ayı, qırmızı ayı, leopard, arı quşu, qar dənəciyi, günəş, adamcığaz, Şaxta Baba formasında təqdim edilmişdi. Paralimpiya oyunlarının talismanlarına namizədlər sırasında isə matryoşka, delfin, və arı quşunın adı çəkilirdi. Son nəticədə Soçi-2014 Qış Olimpiya Oyunlarının talismanları ayı balası, dovşan və bəbir seçilib. Soçi-2014 Paralimpiya Oyunlarının talismanı isə şüacıq (oğlan) və qar dənəciyi (qız) olacaq.
XXII Qış Olimpiya və Paralimpiya Oyunlarının talismanlarının Runetdə "şəxsi evləri” yaradılıb. "Ev” talisman.sochi2014.ru saytında yerləşdirilib. Talismanlar Soçidəki oyunlara hazırlıqla bağlı öz qonaqları ilə əlaqə quracaq, təəssüratlarını onlarla bölüşəcəklər. Saytda dil dəyişməsi üçün funksiyalar yerləşdirilib. Saytın yeni versiyası xüsusi texnologiya üzrə proqramlaşdırılıb. Bu proqram vasitəsilə, lazım gələrsə, saytın dizaynını dəyişmək və yeni funksiyalar əlavə etmək mümkündür. Talismanların "evi” bütün sayt istifadəçiləri üçün açıq olacaq və arzu edənlər bu sayt vasitəsilə talismanların həyatı ilə tanış ola bilərlər. Saytın istifadəçiləri həm də indiyə qədər keçirilən Olimpiya oyunlarının simvollarının tarixini öyrənə biləcəklər.


Soçidə 3D texnologiyasından istifadə olunacaq
Hesablamalara görə, Soçi-2014 Qış Olimpiya Oyunlarının obyektləri ümumilikdə 185 milyard rubla başa gələcək. Mütəxəssislər bu məbləğin artacağını istisna etmirlər. Qeyd edək ki, Soçi Olimpiadasının hazırlığına ayrılan vəsait bölgənin ümumi inkişafı üçün nəzərdə tutulan məbləğin 14 hissəsini təşkil edir. Olimpiya oyunlarına xərclənən vəsaitin əsas hissəsi dövlət büdcəsinə aid deyil. Belə ki, ayrı-ayrı iş adamları tərəfindən 349 milyard rubl ayrılıb ki, həmin pullar dəniz və hava limanlarının, hotellərin və istilik elektrik stansiyalarının tikintisinə sərf ediləcək. Qeyd edək ki, əsas idman obyektləri Olimpiya parkında və Krasnaya Polyanada yerləşir.
Maraqlı faktdır ki, Soçi Olimpiya Oyunları Təşkilat Komitəsi (SOCOG) XXII Qış Olimpiya Oyunlarında 3D kompyuter texnologiyasından istifadə edəcək. Bu texnologiya Soçi Olimpiadasında çalışan işçi qrupun fəaliyyətini planlaşdırmağa xidmət edəcək. Təbiidir ki, 3D kompyuter texnologiyasının təcrübəsindən DÇ-2018-də istifadə ediləcək.
SOCOG 2014-cü ildə Soçidə keçiriləcək XXII Qış Olimpiya Oyunlarının iştirakçılarını və qonaqlarını unutmur. Olimpiadanın iştirakçılarının və qonaqlarının qidalanmasını təmin etmək üçün şəhərdə 62 restoran və 40 yeməkxana, eləcə də 27 "Fast food” obyektinin fəaliyyət göstərməsi planlaşdırılır.
Bir sözlə, Soçi-2014 Olimpiadasına ciddi hazırlıqlar gedir. Buyaxınlarda Olimpiya obyektlərinə baş çəkən Rusiya Federasiyasının baş naziri Dmitri Medvedyev deyib: "XXII Qış Olimpiya və Paralimpiya Oyunlarının başlanmasına iki ildən çox vaxt qalır. Artıq bir çox idman meydançaları yerli və beynəlxalq yarışların mərkəzinə çevrilib. Beynəlxalq təcrübəyə görə, olimpiadaya qədər təşkil edilən test yarışları üçün bütün idman obyektləri hazır olmalıdır. İstəyirəm ki, hər şey vaxtında təhvil verilsin. Gəlin vicdanla işləyək”.


Məşəl 56 min kilometr yol qət edəcək
Soçi-2014 Qış Olimpiya Oyunlarının estafet məşəllərinin hazırlanmasına 207 milyon rubl xərclənəcək. Təşkilat Komitəsinin sifarişi əsasında Krasnoyarsk Maşınqayırma Zavodu 16 min ədəd məşəl hazırlayacaq. Məşəlin hər biri 13 min rubla başa gələcək. Bu, Olimpiya oyunları tarixində rekord göstərici hesab olunur. Xatırladaq ki, London Olimpiadasında estafet üçün hazırlanmış 8 min ədəd məşələ 3,96 milyon dollar xərc çəkilmişdi. Qeyd edək ki, Soçi-2014 Olimpiadasının məşəli Şimal qütbü, Elbrus dağı və kosmosa aparılmaqla 56 min kilometr yol qət edəcək. 2014-cü ildə Soçidə keçiriləcək XXII Qış Olimpiya Oyunlarının məşəlini 14 min insanın daşıyacağı dəqiqləşib. Onların hər biri məşəli 200 metr aparacaq.
XXII Qış Olimpiya Oyunlarının məşəl estafeti bu il oktyabrın 7-də start götürəcək Olimpiya məşəli oktyabrın 7-10-da Rusiyanın paytaxtı Moskvada olacaq. Ümumilikdə isə, məşəlin estafeti 4 ay davam edəcək. Olimpiya oyunlarının Təşkilat Komitəsinin yaydığı məlumata görə, estafet 123 gün ərzində 65 min km məsafə qət edəcək. Məşəl Rusiya Federasiyasının 83 bölgəsindən keçəcək, həmçinin Elbrus dağına, Şimal qütbünə və Baykal gölünə aparılacaq. Estafetdə, könüllülər də daxil olmaqla, 44 min insanın iştirak edəcəyi gözlənilir. Qeyd edək ki, Soçi-2014 Olimpiadasının məşəlinin estafeti "ağ olimpiada”ların ən uzun estafeti olacaq. Məlumat üçün bildirək ki, Soçi-2014 Olimpiadasının məşəl estafeti yerin ekvator uzunluğuna bərabər məsafə qət edəcək. Təşkilatçılar estafetin 2 min yaşayış məntəqəsindən keçməsini planlaşdırırlar. SOCOG bu rəqəmi sehrli 2014 rəqəminə çatdırmağı düşünür.
Təşkilat Komitəsi mərkəzi stadionda qurulacaq Olimpiya məşəlini qeyri-adı üsulla alovlandırmağı planlaşdırır. Olimpiya oyunlarının açılış mərasimindən bir neçə gün qabaq məşəlin Mərkəzi Kosmik Stansiyaya (MKS) gətiriləcəyi nəzərdə tutulub. Mərkəzin əməkdaşları Olimpiya simvolunu açıq kosmosa qaldıracaq və Soçi-2014 Qış Olimpiya Oyunlarnın məşəli birbaşa kosmosdan alovlandırılacaq. Təşkilat Komitəsinin qeyri-adi ideyası MKS üzvlərini çətin vəziyyətə salıb. Olimpiya məşəlinin kosmosa hansı yolla çatdırılması məsələsi ilə bağlı hazırda bir neçə variant üzərində iş aparılır.


Olimpiya simvolları
satışa çıxarılıb
Rusiya Olimpiya Komitəsinin yaydığı məlumata görə, Soçi-2014 Olimpiya və Paralimpiya Oyunlarının simvollarından ibarət suvenirlərin satışına başlanılıb. Soçi Olimpiadasına aid 5 min adda suveniri Rusiyanın bütün bölgələrində əldə etmək mümkündür. Suvenirlərin satışa çıxarılması ilə bağlı keçirilən xüsusi mərasimdə Soçi-2014 Təşkilat Komitəsinin prezidenti Dmitri Çernışenko, həmçinin Rusiyanın tanınmış idmançıları iştirak ediblər. Çernışenko deyib ki, ölkə vətəndaşları, o cümlədən turistlər Olimpiya suvenirlərini (konki, xizək, hokkey ağacı, şayba və s.) maraqla qarşılayacaqlar. Soçi-2014 Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsi Rusiya Elektron Kommunikasiyalar Assosiasiyasında ru. və rf. saytlarını bloka salınması üçün xüsusi sistem hazırlamasını xahiş edib. Təşkilatçılar bu üsulla olimpiadanın simvollarının internet vasitəsilə qanunsuz satışının qarşısını almaq istəyirlər. "Blok sisteminin hansı tərzdə işləyəcəyi barədə danışmaq hələ tezdir. Biz amerikalıların və ingilislərin təcrübəsindən yararlanmağı planlaşdırırıq. Onların bu sahədə yetərincə təcrübəsi var”,- deyə Ru- Çenter şirkətinin nümayəndəsi bildirib. Olimpiya simvollarına "Olimpiyaski”, "Olimpiada”, "Soçi-2014”, "Olyumpiad” kimi sözlərlə adlandırılan əşyalar, emblemlər, məşəl və bayraq daxildir.
Bununla bağlı Soçi-2014 Təşkilat Komitəsinin saytında XXII Qış Olimpiya Oyunları ilə bağlı məhsulların satışını həyata keçirən internet-mağaza fəaliyyətə başlayıb.
Satışa yüz adda məhsul, o cümlədən "ağ olimpiada”nın talismanları - bəbir, dovşan və ağ ayı (Leopard, Zayka, Belıy Mişka) çıxarılıb. İmkanlarına və serviz xidmətinə görə çoxlarının marağına səbəb olan. internet-mağaza gündə 24 saat müştərilərə xidmət edir. Burada mal seçmək çox rahatdır və sifariş 15 dəqiqə ərzində ünvana çatdırılır. İnternet-mağazanın sayəsində insanlar nəinki Rusiyada, həttə xarici ölkələrdə Soçi-2014 Olimpiadasının simvollarını və rəmzlərini əldə edə biləcəklər.

Xilasedicilərin təlimləri planlaşdırılır
Soçinin idman qurğularının hazırlığını yoxlamaq məqsədilə burada beynəlxalq test yarışları təşkil olunacaq. Buna qədər həmin obyektlərdə xilasedicilərin təlimləri keçiriləcək. Təlimlərin Krasnaya Polyanada yerləşən Olimpiya parkının Kerlinq Mərkəzində təşkil edilməsi planlaşdırılıb. Xilasetmə təlimləri zamanı "xəsarət alanlar” vertolyotların köməyi ilə ərazidən uzaqlaşdırılacaqlar. Kerlinq Mərkəzində əsas təlimlər süni yanğının söndürülməsi üzrə aparılacaq. Soçinin hava limanında isə təlimlər üçün təyyarədən istifadə olunacaq. Qeyd edək ki, Soçi Olimpiadasında baş verə biləcək yanğınları söndürmək üçün xüsusi maşın hazırlanıb. İki kabinəyə malik olan bu maşınlar 3 min litr su, 200 litr köpük daşımaq gücünə malikdir. Bu maşınlar yanğını kompüter vasitəsi ilə aşkarlayır və alovu 40 metr məsafədən söndürməyi bacarır.

Yarışları 2800 jurnalist işıqlandıracaq

2012-ci ilin noyabr ayında Soçidə ümumdünya mətbuat brifinqi təşkil olunub. Brifinqdə dünyanın aparıcı KİV-lərini təmsil edən 300 jurnalist iştirak edib. Mətbuat nümayəndələri Soçi Olimpiadasının obyektləri və Mətbuat Mərkəzində quraşdırılan avadanlıqlarla tanış olublar. Tədbirin iştirakçılarına Olimpiya oyunlarında KİV-lərə göstəriləcək pullu xidmətin qiymət cədvəli də təqdim edilib. Soçi-2014-ün Təşkilat Komitəsinin verdiyi məlumata görə, qış Olimpiya oyunlarına 2800 jurnalist akkreditasiya olunacaq. Bu, Turin-2006 və Vankuver -2010 Qış Olimpiya Oyunlarını işıqlandıran KİV nümayəndələrinin sayı ilə, demək olar ki, eynidir. Hər bir ölkənin Soçidə neçə jurnalistlə təmsil olunacağı Beynəlxalq Olimpiya Komitəsi tərəfindən müəyyənləşdiriləcək. Qeyd edək ki, Soçi Olimpiadasında iştirak edəcək jurnalistlərin akkreditasiyası 2012-ci il may ayının 7-də başlanıb. Təşkilat Komitəsinin yaydığı məlumata görə, Soçi-2014 Olimpiadasının qonaqları və iştirakçılarına xidmət etmək üçün 40 min mütəxəssis tələb olunur. Xidmət personalından nəinki olimpiada vaxtı, həm də oyunlardan sonrakı dövrdə istifadə olunacaq. XX Qış Olimpiya Oyunlarının qonaqları və iştirakçılarının qəbulu üçün kadrların seçimi, həmçinin onların təlimi ilə Soçi şəhər inzibati idarəsinin nəzdində fəaliyyət göstərən müvafiq təşkilat məşğul olur. Təşkilat kadrların energetika, istilik və elektroşəbəkə sahəsində hazırlığı işinə də nəzarət edəcək.


Olimpiya oyunlarına 23 min mütəxəssis cəlb olunacaq
Soçi-2014 Qış Olimpiya Oyunlarına 23 min mütəxəssisin cəlb edilməsi nəzərdə tutulur. Bu barədə Rusiyanın Baş nazirinin müavini Dmitri Kozak məlumat verib. O deyib: "Mən Soçi-2014 Olimpiadasının təşkilində iştirak edəcək heyətin hazırlığı ilə bağlı sonuncu imzaladım. Cədvəldə 23 min mütəxəssisin hazırlanması nəzərdə tutulub”. Qış Olimpiya Oyunlarında tərcüməçiliklə bağlı məsələ də təşkilat komitəsinin diqqət mərkəzindədir. Ötən il keçirilən " Soçi-2014: tərcümə məsələsi” adlanan forumda məhz bu məsələ müzakirə edilib. Forumda tərcüməçilər, tələbələr, institutların müəllimləri, tərcüməçilik işini həyata keçirən agentliklərin əməkdaşları iştirak ediblər. Qeyd olunub ki, 2014-cü ilin fevral ayında Soçiyə dünyanın 80 ölkəsindən 5500 idmançı gələcək. Müxtəlif dillərdə danışan bu insanların arasında ünsiyyət qurmaq üçün 1000 nəfər tərcüməçi qeydiyyatdan keçəcək. Bu, 2006-cı ildə Turində keçirilmiş Olimpiya oyunlarına cəlb edilən tərcüməçilərin sayından iki dəfə çoxdur. Xatırladaq ki, Soçi Olimpiadasında 25 min könüllü fəaliyyət göstərəcək, oyunların birbaşa yayımı 3 milyard televiziya tamaşaçısı tərəfindən izlənəcək.

Hazırladılar:
Hürrü Abdullayev,
Anar Əhmədov
(ardı var)