Azərbaycanlı tələbələr Beynəlxalq Olimpiya Akademiyasının sessiyasında

Azərbaycanlı tələbələr Beynəlxalq Olimpiya Akademiyasının sessiyasında

İyunun 12-də Yunanıstanın paytaxtı Afinada Beynəlxalq Olimpiya Akademiyası tərəfindən gənclər üçün 53-cü sessiya təşkil edilib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Beynəlxalq Olimpiya Akademiyası arasında olimpiya təhsili sahəsində əməkdaşlığa dair razılığa əsasən, beynəlxalq tədbirə azərbaycanlı tələbələr də dəvət olunublar. Sessiyada Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 4 tələbəsi və 1 müəllimi, o cümlədən 1 məşqçi iştirak edir. Sessiyada tələbələr "Olimpiya dəyərləri”, "Olimpizm və sülh”, "Olimpizm və humanizm dəyərləri”, "Olimpiya Hərəkatının tarixi”, "Olimpiya təhsili” və digər mövzularda mühazirələr dinləyir, seminarlarda iştirak edirlər. Afinanın tarixi yerləri ilə qısa tanışlıqdan sonra iştirakçılar qədim Olimpiya kəndinə yola düşüblər. Tədbirin əsas proqramı Olimpiya kəndində həyata keçiriləcək. Sessiya iyunun 25-dək davam edəcək.