Bakıda sosial futbol layihəsinə start verildi

Bakıda sosial futbol layihəsinə start verildi

İyunun 20-də "Qafqaz Baku City” hotelində "Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası” sosial lahiyəsinin təqdimat mərasimi keçirildi. Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Ağababa İbrahimov, "Real Madrid” Fondunun məşqçilik üzrə mütəxəssisi Viktor De Arse və idman ictimaiyyətinin digər nümayəndələri iştirak etdi.
Mərasimdə çıxış edən İsmayıl İsmayılov "Real Madrid” Fondu ilə birgə həyata keçirdiyi "Uşaqların futbol vasitəsi ilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası” sosial layihəsinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 oktyabr tarixli Sərənsamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”ndan irəli gəldiyini qeyd etdi. O, layihəni futbolun uşaqlar və gənclər arasında kütləviləşməsi, onların sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası istiqamətində atılmış tarixi addım kimi qiymətləndirərək layihənin bütün tərəfdaşlarına uğurlar arzuladı.
"Real Madrid” Fondunun məşqçilik üzrə mütəxəssisi Viktor De Arse mərasim iştirakçıların salamladıqdan sonra fondun beynəlxalq layihələrindən, həmçinin dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən 200-dən artıq sosial idman məktəbinin fəaliyyətindən danışdı. Sonra o, 3 gün ərzində "Vətən” sosial futbol məktəbinin təşkil edilmiş təlim-məşq prosesindən, məşqçilərin peşəkarlıq səviyyəsindən və "Real Madrid” Fondunun sosial idman modelini öyrənmək həvəsindən, həmçinin uşaqların futbola olan böyük marağından danışdı.
Layihənin əsas məqsədi "Real Madrid” Fondunun sosial idman modeli əsasında Bakı şəhərində ilk sosial futbol məktəbinin yaradılmasıdır. 4 illik dövrü əhatə edəcək layihə ilk fəaliyyət ilində sosial futbol məktəbinin Bakı şəhəri "Vətən” Respublika ixtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında fəaliyyət göstərməsi nəzərdə tutuldu.